“Ziraat Bank Azərbaycan” ASC Milli Məclisin VI çağırış deputatı olmuş İqbal Məmmədovun yaxınlarına qarşı məhkəməyə müraciət edib.
1xeber.media xəbər verir ki, iş üzrə cavabdehlər qismində “Lerik Broyler” MMC, həmçinin Nərimanlı Orxan Çingiz oğlu, Nərimanlı Nəriman Nəriman oğlu, Məmmədova Məlakət Xankişi qızı və Məmmədov Çingiz Nəriman oğlu yer alır.
Bank cavabdehlərdən ümumilikdə 1 milyon 813 min 068 manat və 394 min 573 dollar tutulmasını tələb edir. Dollarla olan məbləğ də nəzərə alındıqda, tələb olunan borcun ümumi həcmi təxminən 2,5 milyon manata çatır.
Bankın iddiasına görə, tələb olunan məbləğ “Lerik Broyler” MMC ilə bağlanmış kredit müqavilələri üzrə yaranan borclardan ibarətdir. Belə ki, tərəflər arasında 7 mart 2023-cü ildə 3 milyon manat məbləğində Baş Kredit Müqaviləsi bağlanıb. Həmin müqavilə çərçivəsində “Lerik Broyler” MMC-yə müxtəlif tarixlərdə 400 min manat, 100 min dollar, 510 min dollar, 34 min dollar, 850 min manat, 36 min 160 manat 93 qəpik, 350 min 005 manat və 371 min 843 manat məbləğində kreditlərin verilməsi razılaşdırılıb.
Bank iddia edir ki, bu kreditlər üzrə cavabdehlərin 1,8 milyon manat və 394 min dollardan artıq borcu yaranıb.
Bank borcun tutulması ilə yanaşı, tələbin ipoteka predmetlərinə yönəldilməsini də istəyir. İpotekaya qoyulan əmlakların ümumi ilkin bazar dəyəri 4 milyon 550 min manat təşkil edir.
İpotekaya qoyulan əmlaklar bunlardır:
“Lerik Broyler” MMC-yə məxsus Lerik rayonu, Piran kəndində yerləşən 1,18 hektar torpaq sahəsi və 4 427,7 kv.m-lik əmlak kompleksi - ilkin bazar dəyəri 2 milyon manat;
Məmmədova Məlakət Xankişi qızına məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsi, 19 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi - ilkin bazar dəyəri 1 milyon 600 min manat;
Nərimanlı Orxan Çingiz oğluna məxsus Bakı şəhəri, Səbail rayonu, Bülbül prospektində yerləşən 222 kv.m qeyri-yaşayış sahəsi - ilkin bazar dəyəri 800 min manat;
Məmmədov Çingiz Nəriman oğluna məxsus Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində yerləşən 49,3 kv.m mənzil - ilkin bazar dəyəri 150 min manat.
Sözügedən əmlaklar 7 mart 2023-cü il tarixli Baş Kredit Müqaviləsi və həmin müqavilə çərçivəsində bağlanmış əlavə razılaşmalar üzrə öhdəliklərin təmin edilməsi məqsədilə ipoteka ilə yüklənib.
Bank həmin əmlakların açıq hərracda satılmasını, satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb edir. Satışdan əldə olunan vəsait borcun tam bağlanmasına kifayət etməzsə, qalıq məbləğin cavabdehlərdən müştərək qaydada tutulması istənilir.
Bank həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 62,72 manat dövlət rüsumunun, 314 manat xidmət haqqının, məhkəməyə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 2 032,11 manat dövlət rüsumunun və 10,16 manat komissiya haqqının da cavabdehlərdən tutulmasını tələb edir.
Məhkəmə bankın tələb etdiyi 1 milyon 813 min manat və 394 min dollarlıq borcun məbləğinin müəyyənləşdirilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edib. Eyni zamanda, ipoteka predmeti olan əmlakların real bazar qiyməti və likvid dəyəri də qiymətləndiriləcək. Ekspertiza başa çatana qədər iş üzrə icraat dayandırılıb.
Qeyd edək ki, “Lerik Broyler” MMC keçmiş deputat İqbal Məmmədova məxsus olduğu bildirilir. Şirkət ötən ilin sonu, bu ilin əvvəllərində fəaliyyətini dayandırıb. Hazırda Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən, "Lerik Broyler" MMC-nin 291 min 31 manat vergi borcu var.
Məhkəmə işində adları keçən Məmmədov Çingiz Nəriman oğlu İ.Məmmədovun qardaşı, Nərimanlı Orxan Çingiz oğlu isə keçmiş deputatın qardaşı oğludur.
Xatırladaq ki, keçmiş deputat İqbal Məmmədovun adı daha əvvəl də bir sıra rezonanslı hadisələrdə və iri biznes strukturları ilə bağlı xəbərlərdə hallanıb. O, uzun illər Lerikdə fəaliyyət göstərən “Relax” İstirahət Mərkəzi və “Kaspi Yıldız” şirkəti ilə də əlaqələndirilib.
2017-ci ildə Lerik rayonunun “Lerik Broyler” quşçuluq müəssisəsində baş vermiş partlayış ölkə gündəminə çevrilmişdi. 2019-cu ildə Lerikdə yerləşən “Relax” İstirahət Mərkəzində vergi əməkdaşları ilə baş vermiş insident ölkə gündəminin əsas mövzularından biri olmuşdu. Həmin hadisə ilə bağlı İ.Məmmədovun oğlu Mirhəmid Nərimanlı və qardaşı oğlu Orxan Nərimanlının adları cinayət işində keçmişdi.
İ.Məmmədovun adı həmçinin milyonlarla manat vergi borcu ilə gündəmə gələn “Kaspi Yıldız” şirkəti ilə bağlı xəbərlərdə də hallanıb. Müxtəlif dövrlərdə şirkətin dövlət büdcəsinə milyonlarla manat həcmində vergi borcunun olduğu açıqlanıb.\\plat.az

















