Azərbaycanın sabit, uğurlu inkişafı var.
1xeber.media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışında söyləyib.
Dövlət başçısı qeyd edib ki, bu, həyata keçirdiyimiz milli maraqlara əsaslanan siyasətin, qlobal səhnədə bütün iştirakçılarla olan münasibətlərin inkişafının və bizim uğurlu inkişafımızın nümayişidir.
***
Prezident həmçinin qeyd edib ki, Azərbaycan cəmi 35 ildir ki, müstəqil ölkədir və müstəqilliyin ilk iki ili işğal, müharibə, humanitar fəlakətlərlə yadda qalıb.
Daha sonra ölkənin sabit inkişafının təmin edilməyə başladığını söyləyən dövlət başçısı deyib ki, bu, hər bir ölkənin uğurunun əsasıdır.
İlham Əliyev vurğulayıb ki, siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır.
***
Prezident əlavə edib ki, regional səviyyədə və qlobal səhnədə güclü əlaqələri ilə Azərbaycan bir çox aspektlər baxımından artıq mühüm iştirakçıya çevrilib.
Dövlət başçısı qeyd edib ki, müstəqil siyasət sayəsində biz beynəlxalq ictimaiyyətin dəstəyini qazandıq və dostlarımızın sayı ilbəil artır.
***
İlham Əliyev qeyd edib ki, biz bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etmişik: “Bu, 2010-cu ildə İslam İnkişaf Bankı Qrupunun illik iclasından sonra baş vermişdir.
Məsələn, onların sırasında 2024-cü ildə keçirilmiş COP29 tədbiridir. Onun çox yaxşı nəticələri oldu, o cümlədən Ümumdünya Şəhərsalma Forumu ötən ay təşkil olundu. Bu da Azərbaycanda keçirilmiş digər uğurlu beynəlxalq tədbir idi. Digər tədbirlər də var idi. Bütün bunlar onu göstərir ki, bizim fəaliyyətimizin gündəliyi çoxşaxəlidir”.
***
Prezident əlavə edib ki, Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib, genişmiqyaslı enerji infrastruktur layihələrinin təşəbbüskarı və həyata keçirən ölkə kimi çıxış edib.
Dövlət başçısı həmçinin bildirib ki, Azərbaycan Avrasiya bölgəsində bir çox ölkələri əhatə edən layihələr həyata keçirib və enerjiyə ehtiyacı olan ölkələrə yardım edib.

















