“İnsanları yaşlı olduğuna görə valideynlikdən məhrum etmək olmaz” – Sosioloqdan 63 yaşlı ana ilə bağlı açıqlama
Azərbaycanda 63 yaşlı qadının 38 ildən sonra ana olması cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Bir tərəfdən bu hadisə tibbin inkişafının göstəricisi kimi qiymətləndirilir, digər tərəfdən isə gec yaşda valideynlik məsələsini yenidən gündəmə gətirir.
Mövzu ilə bağlı sosioloq Naib Niftəliyev 1xeber.media-ya açıqlamasında bildirib ki, insanları yaşlarına görə valideynlik hüququndan məhrum etmək düzgün yanaşma deyil.
Onun sözlərinə görə, heç kim insan ömrünün nə qədər davam edəcəyini əvvəlcədən müəyyən edə bilməz:
“İnsanları yaşlı olduqlarına görə analıq və atalığı rəsmi və ya qeyri-rəsmi şəkildə qadağan etmək doğru deyil. Belə hallar istisna xarakter daşıyır və kütləvi hal hesab oluna bilməz. Uzun illər övlad həsrəti çəkən insanların gec də olsa valideyn olmaq arzusunu anlayışla qarşılamaq lazımdır. Əgər insan dünyadan köçməzdən əvvəl övlad sahibi olmaq arzusunu reallaşdırıbsa, bunu yalnız təqdir etmək olar.”
Sosioloq qeyd edib ki, müasir dövrdə insanların ömür uzunluğu artıb və yaş amili təkbaşına valideynliyə maneə kimi qiymətləndirilməməlidir.
“Əgər tibbi, psixoloji və hüquqi baxımdan hər hansı problem yoxdursa, 63 yaşında ana və ya ata olmaq qeyri-adi hal kimi təqdim edilməməlidir. Valideynin yaşlı olması onun yaxın zamanda vəfat edəcəyi anlamına gəlmir. İnsanların taleyi ilə bağlı əvvəlcədən hökm vermək doğru deyil.”
Naib Niftəliyev əlavə edib ki, gələcəkdə valideynlərin yaşına görə övladların dövlət və cəmiyyət tərəfindən dəstəyə ehtiyacı yarana bilər. Lakin bu ehtimal insanların valideyn olmaq hüququnu məhdudlaşdırmaq üçün əsas sayıla bilməz.
“Bu insanlar cinayət etmirlər. Sadəcə uzun illər övlad sahibi ola bilməyiblər və müalicədən sonra arzularını həyata keçiriblər. Cəmiyyət belə insanları qınamaq əvəzinə onlara anlayışla yanaşmalıdır. Yaşlı valideynlərin övlad sahibi olması onların həyata bağlılığını və yaşamaq istəyini daha da gücləndirir.”
Sosioloqun fikrincə, yaşlı valideynlərlə bağlı səsləndirilən qınaqlar və bədbin proqnozlar əsassızdır və cəmiyyət bu məsələyə daha humanist yanaşmalıdır.
Aysel Timur
1xeber.media















