Bakıda yay mövsümünün ən yaddaqalan musiqi tədbirlərindən biri keçirilir. Azərbaycanın Xalq artisti Miri Yusif paytaxt tamaşaçıları ilə növbəti dəfə möhtəşəm konsert proqramında görüşür.
1xəbər.media xəbər verir ki, məşhur ifaçı 2-6 iyul tarixlərində Bakının sevilən konsert məkanlarından olan Yaşıl Teatrın səhnəsində solo konsert proqramı ilə çıxış edir. Tamaşaçı marağının yüksək olması səbəbindən konsert günlərinin sayı artırılıb və biletlərin böyük hissəsi qısa müddətdə satılıb.
Konsert proqramında Miri Yusifin illərdir dinləyicilər tərəfindən sevilən hit mahnıları, həmçinin canlı ifaları təqdim olunur. Müğənninin özünəməxsus səhnə enerjisi, xüsusi şou proqramı və musiqi nömrələri tamaşaçılara unudulmaz anlar yaşadır.
Qeyd edək ki, tamaşaçıların çoxsaylı müraciətlərini nəzərə alan təşkilatçılar əlavə konsert günləri də elan ediblər. Miri Yusifin Yaşıl Teatrdakı solo konsertləri paytaxtın mədəni həyatında yay mövsümünün ən çox maraq doğuran tədbirlərindən biri kimi qiymətləndirilir.
Aysel
1xəbər.media






















