Son illərdə Azərbaycanda inflyasiyanın yüksəlməsi, ərzaq və kommunal xidmətlərin bahalaşması əhalinin alıcılıq qabiliyyətinə ciddi təsir göstərib. Xüsusilə pensiya ilə dolanan vətəndaşlar üçün gündəlik xərclərin qarşılanması getdikcə çətinləşir. Bu səbəbdən pensiyaların artırılması məsələsi yenidən ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib. Mövcud iqtisadi şərait, dövlət büdcəsinin imkanları və sosial öhdəliklər fonunda pensiya məbləğinin artırılmasının nə dərəcədə real olduğu maraq doğurur.
Mövzu ilə bağlı iqtisadçı Asif İbrahimov 1xeber.media-ya açıqlamasında bildirib ki, Azərbaycanda pensiyaların artırılması artıq seçim deyil, sosial zərurətdir.
Ekspertin sözlərinə görə, ölkədə uzun illər ərzində dayanıqlı və şaxələndirilmiş iqtisadi model formalaşdırılmayıb:
“Son 30 ildə iqtisadiyyat əsasən neft gəlirləri hesabına inkişaf edib. Lakin neftdən sonrakı dövr üçün güclü iqtisadi baza yaradılmayıb. Rəqabətqabiliyyətli istehsal iqtisadiyyatı qurulmadığı kimi, dövlət büdcəsinin neftdən asılılığını azaldacaq dərin iqtisadi islahatlar da həyata keçirilməyib. Əvəzində istehlak və idxala söykənən model formalaşıb. Bu gün ölkədə istehsal olunan məhsulların böyük hissəsi belə xaricdən gətirilən xammal və avadanlıqlardan asılıdır. Bu isə yerli istehsal zəncirinin tam formalaşmadığını və iqtisadiyyatın xarici asılılıqdan xilas ola bilmədiyini göstərir.”
Asif İbrahimov hesab edir ki, iqtisadiyyatın istehsal yönümlü inkişaf etməməsi sosial öhdəliklərin icrasına da təsirsiz ötüşməyib.
“Aktiv əmək qabiliyyətli əhalinin təxminən 55-60 faizinin dövlət büdcəsi və ya büdcədən maliyyələşən qurumlarda çalışması iqtisadiyyatın strukturunda problemlərin olduğunu göstərir. İri layihələrin maliyyələşməsi də əsasən dövlət büdcəsinin hesabına həyata keçirilir ki, bu da özəl sektorun kifayət qədər güclənmədiyini göstərən amillərdəndir.”
Ekspert bildirib ki, sosial ödənişlərin artırılması məsələsi gündəmə gələndə büdcə yükü əsas arqument kimi göstərilir. Onun fikrincə, bunun səbəbi pensiyaçılar deyil.
“Pensiyaların artırılması, uşaqpulunun bərpası və ya aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi müzakirə olunanda ilk deyilən söz büdcənin yükünün ağır olmasıdır. Halbuki problemin kökü onilliklər ərzində iqtisadiyyatın neft gəlirlərindən asılı saxlanılması, istehsalın və özəl sektorun lazımi səviyyədə inkişaf etdirilməməsidir. Əgər vətəndaşın gəlirlərinin böyük hissəsi birbaşa və ya dolayı yolla neft gəlirlərindən formalaşırsa, bu, iqtisadi siyasətin uğuru deyil, asılılığın göstəricisidir. Belə şəraitdə pensiyaların artırılmasını problem kimi təqdim etmək düzgün yanaşma deyil. Əsas məsələ dayanıqlı, rəqabətqabiliyyətli və istehsala əsaslanan iqtisadi modelin qurulmasıdır.”
Aysel
1xeber.media
















