1xeber.media xəbər verir ki, NATO-nun Baş katibi Mark Rutte Ankarada keçirilən sammitdən sonra alyans daxilində yaşanan fikir ayrılıqlarının zəiflik deyil, demokratik sistemin göstəricisi olduğunu bildirib.
Rutte Reuters-ə müsahibəsində qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp ilə bəzi müttəfiqlər arasında yaranan mübahisələrə baxmayaraq, sammitin sonunda bütün tərəflər ümumi mövqedə birləşə bilib. Onun sözlərinə görə, məhz açıq müzakirələr və sonradan əldə olunan razılıq NATO-nun əsas üstünlüklərindən biridir.
Baş katib bildirib ki, alyans daxilində fikir ayrılıqları Rusiyanın xeyrinə işləmir. Əksinə, bu proses NATO ölkələrinin fərqli mövqeləri açıq şəkildə müzakirə edib yekunda ortaq qərara gələ bildiyini nümayiş etdirir. Rutte əlavə edib ki, bu, demokratik dövlətlərin avtoritar sistemlərdən əsas fərqidir.
Müşahidəçilərin fikrincə, bu açıqlama Trampın sammit zamanı İspaniya, İran və Qrenlandiya ilə bağlı sərt bəyanatlarından sonra yaranan siyasi gərginliyi yumşaltmağa yönəlib. Bununla yanaşı, NATO rəhbərliyi alyansın birlik görüntüsünü qorumağa çalışır.

















