1xeber.media Meydan Bizim-ə istinadla xəbər verir ki,Azərbaycanın ictimai-siyasi məkanında Milli Məclisin deputatı və Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevin fəaliyyəti, eləcə də ailə üzvlərinin qısa müddətdə genişlənən biznes maraqları ilə bağlı növbəti tənqid dalğası başlayıb. Parlament kürsüsündən xalqın problemlərini, inflyasiyanı və məmurları tənqid edən deputatın pərdəarxası fəaliyyəti barədə səsləndirilən iddialar cəmiyyətdə ciddi suallar doğurur. İctimaiyyət arasında millət vəkilinin deputatlıq mandatından və siyasi statusundan ailəsinin biznes maraqlarını qorumaq məqsədilə istifadə etdiyinə dair narazılıqların artdığı bildirilir.
“Sərt çıxışlar arxasında gizlənən tender maraqları” iddiası
Yayılan məlumatlara görə, deputat Razi Nurullayevin parlamentdə və mediada səsləndirdiyi sərt çıxışların yalnız siyasi məqsəd daşımadığı iddia olunur. Bildirilir ki, onun dövlət qurumlarını və ayrı-ayrı vəzifəli şəxsləri tənqid etməsinin arxasında iqtisadi maraqlar dayanır.
İddialara əsasən, bu cür təzyiqlər vasitəsilə bəzi dövlət qurumlarının keçirdiyi tenderlərin Nurullayev ailəsi ilə əlaqələndirilən şirkətlərə yönləndirilməsinə çalışıldığı və dövlət vəsaitlərinin həmin şəbəkəyə yönəldildiyi irəli sürülür.
Xalq inflyasiyadan əziyyət çəkərkən Nurullayevlərin Dubaydakı dəbdəbəli toyu
Deputat ailəsi ilə bağlı ən çox müzakirə olunan məsələlərdən biri də bu ilin yanvar ayında baş tutduğu bildirilən toy mərasimidir.
İddialara görə, Razi Nurullayevin qardaşı, tikinti sahəsində fəaliyyət göstərən Hasil Nurullayevin oğlu Şahinin toyu Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən və ən bahalı hotellərdən hesab olunan “Ritz-Carlton” otelində keçirilib.
Məlumatlarda toyun yüksək maliyyə xərcləri ilə təşkil olunduğu bildirilir. Eyni zamanda qeyd olunur ki, ölkədə toy israfçılığına qarşı çıxışlar edən Razi Nurullayev jurnalistlərin bu barədə sualını yalnız “Allah mübarək eləsin!” ifadəsi ilə cavablandırıb. Bu mövqe sosial şəbəkələrdə müxtəlif reaksiyalara səbəb olub.
Qohumluq münasibətləri və həbslə bağlı iddialar
Ortaya atılan digər iddialar deputatın qardaşı Hasil Nurullayevin xaricdəki fəaliyyəti və qohumluq münasibətləri ilə bağlıdır.
Bildirilir ki, Sankt-Peterburqda fəaliyyət göstərən Hasil Nurullayevin yaxın qohumu və bacanağı olduğu qeyd edilən Masallı sakini Əliyev İlham Oruc oğlunun hüquq-mühafizə orqanları tərəfindən uzunmüddətli həbs edilməsində rolunun olduğu iddia edilir.
Həmçinin irəli sürülür ki, həmin hadisədən sonra tərəflər arasındakı böyük məbləğdə borc məsələsi bağlanıb, zərərçəkmişə məxsus olduğu bildirilən anbar, bazar və digər daşınmaz əmlaklar başqa şəxslərin nəzarətinə keçib.
Bir otaqlı mənzildən İmişlidə yüzlərlə hektar torpağa qədər…
Deputatın qısa müddətdə əldə etdiyi iddia olunan əmlaklar da tənqid mövzusudur.
İmişli rayon sakinlərinin şikayətlərinə istinadən bildirilir ki, Razi Nurullayev seçicilərinin problemlərinin həllindən daha çox rayonda geniş əmlak portfeli formalaşdırmaqda ittiham olunur.
İddialara görə, deputatın və ya ailə üzvlərinin istifadəsində:
çoxsaylı fərdi yaşayış evləri və villalar;
restoranlar və digər iaşə obyektləri;
geniş kənd təsərrüfatı təyinatlı torpaq sahələri mövcuddur.
Bundan başqa, kəndlilərin istifadəsində olan örüş sahələrinin və yüzlərlə hektar torpaq sahəsinin deputatın nəzarətinə keçdiyi iddia olunur.
Məlumatlarda qeyd edilir ki, İmişli sakinlərinin bununla bağlı müxtəlif dövlət qurumlarına etdiyi müraciətlərin nəticəsiz qaldığı bildirilir. Həmçinin irəli sürülür ki, sözügedən əmlakların bir hissəsi rəsmi bəyannamələrdə göstərilməməsi üçün həyat yoldaşı Könül Nurullayevanın və digər yaxın qohumlarının adına rəsmiləşdirilib.
Qarşı tərəfin mövqeyi
Qeyd olunan məlumatlar müxtəlif mənbələrdə səsləndirilən iddialardır və onların əhəmiyyətli hissəsi ilə bağlı rəsmi təsdiq və ya məhkəmə qərarı mövcud deyil.
Media olaraq mövzunun həssaslığını nəzərə alır və jurnalistikanın obyektivlik prinsiplərinə uyğun olaraq Razi Nurullayevin və adı çəkilən digər şəxslərin mövqeyini də dərc etməyə hazır olduğumuzu bildiririk. Qarşı tərəfin açıqlaması təqdim ediləcəyi təqdirdə, həmin mövqe də eyni qaydada yayımlanacaq.
Meydan Bizim

















