ABŞ Prezidenti Donald Tramp İrana qarşı yenidən başlayan bombardmanı “hərbi toqquşma” adlandırıb və əməliyyatların nə qədər davam edəcəyinə dair konkret vaxt açıqlamaqdan imtina edib.
1xeber.media xəbər verir ki, Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp ABŞ-nin İranın hərbi imkanlarına ciddi zərbə vurduğunu, lakin qarşıdurmanın hələ bir müddət davam edə biləcəyini bildirib.
“Biz etməli olduğumuzu edirik. Onların imkanlarını əhəmiyyətli dərəcədə azaltdıq, amma onlar bir müddət döyüşəcəklər”, – ABŞ lideri deyib.
Tramp administrasiyasının əvvəllər hərbi əməliyyatların dörd-altı həftə ərzində başa çatacağını proqnozlaşdırmasına baxmayaraq, Prezident münaqişənin uzanmasını ciddi problem kimi qiymətləndirməyib.
“Biz Vyetnamda 19 il qaldıq. Burada isə cəmi dörd aydır və düşünürəm ki, çox iş görmüşük”, – o əlavə edib.
ABŞ Prezidenti müharibənin necə başa çatacağı ilə bağlı detalları açıqlamasa da, İranla razılıq əldə olunmasının mümkün olduğunu vurğulayıb. Buna baxmayaraq, Tramp yaxın vaxtlarda hər hansı razılaşmanın əldə ediləcəyinə dair böyük gözləntilərinin olmadığını etiraf edib.
“Nəsə etmək istəyən insanları cəlb etməlisiniz. İki gün əvvəl onlarla razılığa gəlmişdik, lakin sonra dedilər ki, bu razılaşmanı indi bağlaya bilmərik və məsələni müzakirə etməliyik”, – deyə Tramp bildirib.

















