Rusiya ordusunun Kiyev şəhərini ballistik raketlərlə vurması nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilər də raket zərbələrinə məruz qalıb.
1xeber.media AZƏRTAC-a istinadən xəbər verir ki, zərbələrin əsas hədəfi “Lukyanovka” metrostansiyasının ətrafı olub.
Stansiyanın giriş hissəsi dağılıb. Ətrafdakı yaşayış binalarına da ziyan dəyib, avtomobillər yanıb.
Səfiriyin inzibati binasından 200-250 metr məsafədə dağıntı və yanğın baş verib.
Kiyev Şəhər Hərbi Administrasiyasının yaydığı məlumata görə, hava hücumu zamanı 1 nəfər həlak olub, 7 nəfər yaralanıb.
***
Rusiya ordusunun iyulun 19-na keçən gecədən başlayaraq Kiyevə endirdiyi kütləvi raket zərbələri nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin inzibati binasına ziyan dəyib.
Binadan 200-250 metr məsafəyə, “Lukyanovka” metrostansiyasının qarşısına düşən raketin zərbəsindən səfirliyin binasında şüşələr sınıb, tavandan çatlar əmələ gəlib.
Səfirliyin şəxsi heyətindən xəsarət alan olmayıb.
Qeyd edək ki, müharibə dövründə Kiyevə edilən hava hücumları zamanı səfirliyimizin inzibati binasına bir neçə dəfə ziyan dəyib.



























