Otuz beş ildir Almaniyada yaşayıram. Bu müddət ərzində həm Almaniyanın aparıcı universitetlərində, həm də dünyanın nüfuzlu ali təhsil müəssisələrində dərs demək, müxtəlif yay məktəblərinin fəaliyyətində iştirak etmək imkanım olub. Bu təcrübə məndə belə bir layihəni Azərbaycanda da həyata keçirmək ideyasını formalaşdırdı.
1xeber.media xəbər verir ki, bu fikirləri Dünya Azərbaycanlı Alimlər Birliyinin İdarə Heyətinin sədri professor Məsud Əfəndiyev yay məktəbi ilə bağlı jurnalistlərə müsahibəsində söyləyib.
Professor qeyd edib ki, onun təşəbbüsü AzMİU-nun rektoru tərəfindən böyük dəstəklə qarşılanıb və bu gün həmin ideyanın uğurla reallaşdığını görmək mümkündür. Onun sözlərinə görə, yay məktəbi yalnız AzMİU-nun deyil, ölkənin müxtəlif ali təhsil müəssisələrinin tələbə və gənc alimlərini bir araya gətirən genişmiqyaslı akademik platformadır. Layihədə ADA Universiteti, Qarabağ Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti və digər ali təhsil müəssisələrinin nümayəndələri iştirak edirlər.
Əfəndiyev qeyd edib ki, layihənin əsas fərqləndirici xüsusiyyəti onun fənlərarası yanaşmasıdır. Yay məktəbi mühəndislikdən tibbə qədər müxtəlif elm sahələrini vahid platformada birləşdirərək iştirakçılar arasında multidisiplinar əməkdaşlığı təşviq edir.
“Son 25 ildə Nobel mükafatı laureatlarının elmi fəaliyyətinə nəzər saldıqda görürük ki, ən mühüm nailiyyətlərin böyük hissəsi məhz müxtəlif elm sahələrinin inteqrasiyası sayəsində əldə olunub. Biz də istəyirik ki, Azərbaycanda gənclər erkən mərhələdən bu düşüncə tərzini mənimsəsin, müxtəlif sahələrin nümayəndələri ilə birlikdə işləməyi öyrənsinlər”, – deyə alim bildirib.
Məsud Əfəndiyev vurğulayıb ki, yay məktəbinin konsepsiyası dünyanın aparıcı universitetlərində tətbiq olunan qabaqcıl akademik modellər əsasında formalaşdırılıb. Onun sözlərinə görə, Stanford Universiteti, Kaliforniya Texnologiya İnstitutu, Prinston Universiteti, Nyu-York Universiteti, “Virginia Tech” Universiteti, Toronto Universiteti, Vaterloo Universiteti, Honq Konq və Şanxay Jiao Tong Universiteti, eləcə də Avstraliyanın nüfuzlu ali təhsil müəssisələrində əldə etdiyi təcrübə bu layihənin hazırlanmasında mühüm rol oynayıb.
“Dünyanın müxtəlif ölkələrində keçirilən yay məktəblərində iştirak edərkən tələbələrin elmə olan böyük marağını, onların gözlərindəki işığı görürdüm. Həmişə düşünürdüm ki, niyə bu mühiti öz vətənimizdə də yaratmayaq? Bu gün həmin arzunun reallığa çevrilməsi mənim üçün böyük sevincdir”, – deyə professor bildirib.















