Azərbaycanda məktəbəqədər təhsilin əlçatanlığını artırmaq məqsədilə dövlətin özəl uşaq bağçalarında təhsil alan uşaqlar üçün xidmət haqqının 70 faizini maliyyələşdirməsi nəzərdə tutulur. Yeni mexanizmin valideynlərin maliyyə yükünü azaltması və özəl məktəbəqədər təhsil müəssisələrinə marağı artırması gözlənilsə də, bu qərarın xidmət haqlarına mümkün təsiri ilə bağlı da suallar yaranıb. Bəzi ekspertlər dövlət dəstəyinin sektorda rəqabəti gücləndirəcəyini bildirsə də, digər tərəfdən bəzi özəl bağçaların qiymətləri artırmaq cəhdləri ilə bağlı narahatlıqlar da səsləndirilir. Görəsən, dövlət subsidiyası özəl bağçalarda xidmət haqlarının bahalaşmasına səbəb ola bilərmi?
Bu barədə 1xeber.media-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib ki, dövlətin özəl uşaq bağçalarında xidmət haqqının 70 faizini maliyyələşdirməsi qısa müddətdə qiymətlərə müəyyən təsir göstərə bilər:
“Bəzi özəl bağçalar subsidiyanın tətbiqini nəzərə alaraq xidmət haqlarını artırmağa cəhd edə bilər. Lakin dövlət tərəfindən müəyyən edilmiş maliyyələşdirmə limitləri bu riskin nəzarətdə saxlanılmasına imkan verir. Hazırkı mexanizmə əsasən, dövlətin ödədiyi maksimal məbləğ Bakı şəhərində 350 manat, regionlarda isə 250 manatdır. Bu isə o deməkdir ki, xidmət haqqı daha yüksək olsa belə, dövlət yalnız həmin limit çərçivəsində ödəniş həyata keçirəcək. Nəticədə, qiymətlərin əsassız şəkildə artırılması bağçalara əlavə üstünlük qazandırmayacaq”.
İqtisadçının fikrincə, bu qərar uzunmüddətli perspektivdə məktəbəqədər təhsil sektorunda rəqabətin güclənməsinə səbəb olacaq:
“Dövlət dəstəyinin hesabına özəl bağça biznesi daha cəlbedici sahəyə çevriləcək, yeni müəssisələrin açılması sürətlənəcək və bazarda iştirakçıların sayı artacaq. Rəqabətin genişlənməsi isə zamanla qiymətlərin daha balanslı formalaşmasına və xidmət keyfiyyətinin yüksəlməsinə şərait yaradacaq. Subsidiyaların tətbiqi dövlət bağçalarında mövcud sıxlığın azalmasına da müsbət təsir göstərəcək. Maddi imkanı olan ailələrin daha çox özəl bağçalara üz tutması dövlət məktəbəqədər təhsil müəssisələrinin yükünü azaldacaq və xidmətlərin keyfiyyətinin yüksəlməsinə töhfə verəcək. Bundan əlavə, yeni özəl bağçaların fəaliyyətə başlaması məşğulluğun artmasına, xüsusilə müəllim, tərbiyəçi və digər işçi heyəti üçün yeni iş yerlərinin yaranmasına imkan yaradacaq. Eyni zamanda, daha çox uşağın məktəbəqədər təhsilə cəlb olunması onların erkən inkişafına, sosial bacarıqlarının formalaşmasına və gələcək insan kapitalının güclənməsinə müsbət təsir göstərəcək”.
İqtisadçı hesab edir ki, subsidiyanın tətbiqi ilk mərhələdə müəyyən qiymət artımı ehtimalı yaratsa da, dövlətin müəyyən etdiyi maliyyələşdirmə limitləri bu riski əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Ümumilikdə isə bu mexanizm məktəbəqədər təhsil sektorunun inkişafına, rəqabətin artmasına və xidmətlərin daha əlçatan olmasına xidmət edəcək.
Aysel















