“Gənclikdə yerləşən “Paris Beaute” Estetik Mərkəzinin qeyri-peşəkar lazeroloqu üz dərimin yanmasına səbəb olub, artıq günlərdir ki, yaranmış qızartılar azalmır”.
1xeber.media xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya vətəndaş Türkan Şirinova müraciət edib.
Zərərçəkmişin sözlərinə görə, prosedur lazer mütəxəssisi Lyuba adlı xanım tərəfindən icra olunub: “Sözügedən salonda daha öncə başqa lazeroloq yanına gedirdim. Ancaq bu dəfə Lyuba adlı xanımın yanına yazıldım, onu tanımırdım, ilk dəfə idi. Bu da nəticəsi...”
T.Şirinovanın sözlərinə görə, üzü və boğaz nahiyəsi tamamilə yanıb: “Dərimdə hazırda güclü qızartı, yanma hissi və qabıqlanma müşahidə olunur. Prosedur iyulun 15-də olmuşdu. Bilmirəm neçə dərəcə ilə etdi ki, hazırda bu durumdayam, heç bir fikrim yoxdur. Sadəcə prosedur zamanı dərimin yandığını hiss etdim.
Lazeroloq üzümü yandırıb sonra dedi ki, “belə hallar az da olsa, baş verir”. Həkimə getdikdə isə bildirildi ki, yanığın fərqli növüdür, hazırda müalicə alıram. Hər kəs bilsin ki, belə şəxslərə güvənmək olmaz. Qeyri-peşəkarların salonlarda işləyərək insanların sağlamlığına zərər vurması qəbuledilməzdir”
İddialarla bağlı “Paris Beauté” Estetik Mərkəzi ilə əlaqə saxladıq. Salondan cavab olaraq bildirildi ki, Azərbaycanda lazer proseduru olduğu müddətdə belə halların olması qaçılmazdır: “Digər lazeroloqların da başına bu hadisənin gəlməsi mümkündür. Buna səbəb odur ki, çox vaxt müştəri bizə düzgün məlumat vermir. Əvvəldən bildiririk ki, üzə mütləq SPF (-red Günəşdən Qorunma Faktoru- dərini günəş şüalarının zərərli təsirlərindən qoruyan qulluq vasitəsi) çəkilməlidir, günəş vannasından istifadə varsa, deyilməlidir. Bundan öncə bir müştərimizdə bu hal baş vermişdi. Sonradan məlum oldu ki, “zaqar” alıb, amma günahı bizdə görürdü.
Mən demirəm ki, bu mövzu həmin şəxsə aiddir. T. Şirinovaya bildirdik ki, yaxınlaşsın mərkəzimizə və biz onu kosmetoloqumuza yönləndirək. Üz lazerini aşağı dərəcə ilə edirik, lakin SPF mütləqdir, bəzən allergiyalı da olur. Ancaq bu, üz dərisinin yanması deyil. Çünkü yananda üz belə olmur. Biz zəmanət vermirik, amma müştəri də gərək düzgün məlumat versin”.
















