İyulun 22-də Azərbaycan Milli Mətbuatının yaranmasının 151 yaşı tamam olur. Bu,
əslində, tək mətbuatın deyil, bütövlükdə Azərbaycan cəmiyyətinin bayramıdır. Təsadüfi deyil
ki, ölkə Prezidenti İlham Əliyev mətbuatımızın yubileyinin ümummilli səviyyədə qeyd olunması
ilə bağlı imzaladığı sərəncamlar bir daha Azərbaycanda mətbuata dövlət qayğısının daha bir
parlaq təzahürü kimi dəyərləndirilməlidir. Azərbaycanın ictimai həyatının ən mühüm
hadisələrindən biri olan Milli Mətbuatın formalaşması XIX əsrin ortalarına təsadüf edir.
Azərbaycan və eləcə də bütün Şərq aləmi üçün tamamilə yeni siyasi, mədəni və elmi ünsiyyət
vasitəsi olan mətbuatın yaranması, əslində, ölkədə gedən mühüm ictimai-siyasi, iqtisadi və
mədəni proseslərlə, o cümlədən, maarifçilik hərəkatının, dünyəvi teatrın və yeni tipli məktəbin
təşəkkül tapması ilə sıx bağlıdır.
Milli Mətbuatımızın bünövrəsi 1875-ci il, iyulun 22-də “Əkinçi” qəzetinin ilk sayının nəşri
ilə qoyuldu. Bütün Qafqazda böyük əks-səda doğuran bu qəzetin naşiri də, redaktoru da,
korrektoru da Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas alim Həsən
bəy Zərdabi idi. Qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf
bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalıların böyük xidmətləri olub. Dövrünün görkəmli
ədibləri olan bu şəxsiyyətlər “Əkinçi” qəzetinin səhifələrində öz maarifçi və demokratik
ideyalarını təbliğ edərək, ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstəriblər.
Ölkədə cərəyan edən ictimai proseslər və cari məsələlər yerli rusdilli mətbuatda öz
əksini tapırdı. Bakıda rus dilində çıxan ilk qəzet isə birinci nömrəsi 1871-ci ilin mart ayında işıq
üzü görən “Bakinski listok” olub. 1876-cı ildə ikinci rusdilli qəzet “Bakinskiye izvestiya” nəşrə
başlayıb. Rusdilli qəzetlər içərisində daha uzunömürlü olmuş “Kaspi”nin 1897-ci ildən etibarən
naşirliyini Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürmüş və təxminən həmin dövrdən onun
redaktoru Əlimərdan bəy Topçubaşov, sonralar isə Əlibəy Hüseynzadə olmuşdu.
Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşmasında xalqımızın Ümummilli lideri
Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Ulu öndər hələ dövlət təhlükəsizliyi orqanlarında
çalışdığı illərdə, xüsusən də, Azərbaycan KP Mərkəzi Komitəsinin I katibi olarkən, mətbuatla
sıx təmas onun iş prinsipinin başlıca istiqamətlərindən biri olub. Dahi şəxsiyyət Heydər Əliyev
sovet dövründə olduğu kimi, müstəqil Azərbaycan dövlətinin Prezidenti olduğu illərdə də
mətbuatımızın inkişafı naminə çox böyük işlər görüb. Ölkədə mətbuatla bağlı mükəmməl
qanunvericilik bazasının yaradılması, həm yazılı, həm də elektron medianın maddi-texniki
bazasının möhkəmləndirilməsi, jurnalist kadrlarının sosial müdafiəsinin gücləndirilməsi,
mətbuatın lisenziyasızlaşdırılmasının və senzuranın ləğvi, bir sıra mətbuat orqanlarının
dövlətə olan borclarının ləğvi, ayrı-ayrı qəzet və jurnalların çapının dövlət hesabına
maliyyələşdirilməsi, bu və ya digər formada qanun pozuntusuna yol vermiş neçə-neçə media
mənsubunun cinayət məsuliyyətindən azad olunması – bütün bunlar ulu öndərin Azərbaycan
mətbuatına qayğı və diqqətinin bariz nümunəsidir.
Ulu Öndər Heydər Əliyev idarəçilik məktəbinin və siyasi kursunun layiqli davamçısı olan
Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanda mətbuata dövlət qayğısının
miqyası daha da genişlənib. İndi Azərbaycanda istənilən şəxs özünə mətbuat orqanı yarada
bilər. Bunun üçün yetərincə əlverişli mühit olduğundan, qəzet və jurnalların sayı durmadan
artır. Prezident İlham Əliyevin 2003-cü ildə Azərbaycan jurnalistlərinin birinci qurultayında
mətbuatın özünütənzimləmə orqanı və dövlət qurumları ilə mətbuat arasında münasibətlərin
nizamlanması funksiyalarını yerinə yetirən Mətbuat Şurası yarandı. 31 iyul, 2008-ci il tarixli
Sərəncamı ilə “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət
Dəstəyi Konsepsiyası” kimi mühüm bir sənəd təsdiq olundu. Konsepsiyaya uyğun olaraq, 22
may, 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Həmçinin, Azərbaycan
Respublikasının Prezidentinin Sərancamı ilə “Əkinçi” qəzetinin nəşrə başladığı gün – 22 iyul
Milli Mətbuat və jurnalistika günü kimi qeyd olunur.
Prezident İlham Əliyevin 2005-ci ildə Azərbaycan milli mətbuatının 130, 2010-cu ildə
135, 2020-ci ildə isə 145 illik yubileylərinin keçirilməsi ilə bağlı müvafiq sərəncamlar
imzalaması, yubiley münasibətilə mətbuat işçilərini təltif etməsi, onlara fəxri adlar verməsi
respublikamızda jurnalistlərin stimullaşdırılması istiqamətində həyata keçirilən kompleks
tədbirlərdəndir. Bütün bunlar jurnalistika tariximizə, milli-mənəvi dəyərlərimizə, kütləvi
informasiya vasitələrimizə verilən yüksək dəyərin göstəricisidir.
2025-ci il aprelin 25-də ölkənin ictimai-siyasi həyatında mühüm əhəmiyyət daşıyan
yubileylə bağlı Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Milli Mətbuatının 150 illik
yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Milli Mətbuatın
Azərbaycanın ictimai-siyasi və mədəni həyatındakı yerini, mədəniyyətin, maarifçiliyin
inkişafında rolunu, müasir cəmiyyət quruculuğu və ölkəmizin beynəlxalq nüfuzunun daha da
yüksəldilməsi sahəsində töhfələrini nəzərə alaraq, Azərbaycan Milli Mətbuatının 150 illik
yubileyi ölkəmizdə geniş qeyd olunub.
Prezident İlham Əliyevin Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin
gücləndirilməsi tədbirləri haqqında Sərəncamı jurnalistlərə yeni əhval-ruhiyyə gətirdi, böyük
rəğbətlə qarşılandı. Mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün
yaşayış evlərinin tikilməsi məqsədilə Prezidentin Ehtiyat Fondundan Kütləvi İnformasiya
Vasitələrinə Dövlət Dəstəyi Fonduna ayrılan vəsait hesabına 2 ədəd çoxmənzilli yaşayış
binası tikilərək jurnalistlərə verilib. Təsadüfi deyil ki, 2010-cu il dekabrın 1-dən 20-dək “RUH”
Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi 2010-cu ildə “Jurnalistlərin dostu” mükafatı qalibinin
müəyyənləşdirilməsi ilə bağlı KİV və jurnalist təşkilatları arasında keçirdiyi sorğunun
nəticələrinə əsasən, Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi
sahəsindəki xidmətlərinə görə “Jurnalistlərin dostu” mükafatına layiq görülüb.
2020-ci il sentyabrın 27-də təcavüzkar erməni ordusunun Azərbaycanı müxtəlif
mövqelərdən atəşə tutması ilə başlayan II Qarabağ müharibəsi isə Azərbaycan mətbuatı üçün
növbəti sınaq oldu. 44 gün ərzində Azərbaycan jurnalisti həm ön, həm də arxa cəbhədə
yorulmadan çalışdı. Müharibə zonasından canlı bağlantılar, Azərbaycan Ordusunun hər gün
artan uğurlarına dair ən son xəbərlər operativ şəkildə ölkə və dünya ictimaiyyətinə çatdırıldı.
Media müharibə günlərində xüsusi aktivlik nümayiş etdirərək əsl vətənpərvərlik mövqeyini
ortaya qoydu. Jurnalistlər çevik kommunikasiya vasitələrini, müasir tendensiyaları
fəaliyyətlərində bacarıqla tətbiq etdilər. Bu dövrdə Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılması mətbuatın bir nömrəli vəzifəsinə çevrildi. 2021-ci il iyunun 4-də Azərbaycanın 2
jurnalistinin – Məhərrəm İbrahimov və Sirac Abışovun xidməti vəzifələrini yerinə yetirməyə
gedərkən Kəlbəcərdə minaya düşərək həlak olması Azərbaycan mətbuatına ağır itki olsa da,
bu hadisə və həmin jurnalistlərin keçdiyi həyat yolu Azərbaycan jurnalistinin cəsarətini,
qorxmazlığını və vətənpərvərliyini bütün dünyaya bir daha sübut etdi.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə
yaradılmış Medianın İnkişafı Agentliyi ölkəmizdə çap və onlayn medianın inkişafı, media
orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi
layihələrin davamlı dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Əlbəttə, digər
sahələrdə olduğu kimi mediada da geniş islahatlara başlanacağı gözlənilən idi. KİV
orqanlarında keyfiyyət dəyişikliyinə ciddi şəkildə ehtiyac yaranmışdı. Bu istiqamətdə
yeniliklərin tətbiqi zəruri hesab olunurdu. Ölkə başçısının Fərmanı medianın inkişafının
dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-
kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılmasında böyük rol
oynayır. 2022-ci il dekabrın 14-də söz və mətbuat azadlığı sahəsində dövlətin yeni hədəflərini
müəyyənləşdirməyə, onun iqtisadi bazasını, kadr potensialını və peşəkarlıq səviyyəsini
artırmağa, KİV sahəsində suverenliyimizi qorumağa xidmət edəcək “Media haqqında” qanun
layihəsi 30 dekabrda Milli Məclisdə qəbul edildi.
Bu gün müstəqil Azərbaycan dövləti hüquqi-demokratik dövlət quruculuğu yolu ilə daha
parlaq gələcəyə doğru inamla addımlayır. Azərbaycan mediası bu inkişafın ön sıralarında
qərar tutmaqdadır. Bütün bunlar göstərir ki, Azərbaycan dövləti Milli Mətbuatımıza daim diqqət
göstərir və onun inkişafına yönələn tədbirlər həyata keçirilir.
İntiqam Abdullayev,
“Sabirabad Xəbər” saytının təsisçi drektoru
















