Bukmekerlər FİFA prezidenti Canni İnfantinonun vəzifəsini tərk etmə ehtimalını qiymətləndiriblər.
1xeber.media xəbər verir ki, bu barədə “Reytinq Bukmekerov” məlumat yayıb.
Analitiklər İnfantinonun istefası ehtimalına 5,26 əmsal veriblər ki, bu da təxminən 19 faizə bərabərdir. Buna səbəb onun BMT-nin baş katibi postuna namizəd göstərilə biləcəyi barədə yayılan məlumatlardır.
İnfantinonun FİFA prezidenti vəzifəsində qalacağı ehtimalı isə 1,23 əmsalla qiymətləndirilib və bu, təxminən 81 faiz təşkil edir.
Bundan əvvəl The New York Post ABŞ Prezidenti Donald Trampın İnfantinonu BMT-nin baş katibi vəzifəsinə namizəd göstərəcəyi barədə məlumat yaymışdı.
BMT baş katibi postuna seçilmək üçün namizədin Təhlükəsizlik Şurasının 15 üzvündən ən azı 9-nun dəstəyini alması, həmçinin veto hüququ olan ölkələrin mövqeyini nəzərə alması tələb olunur. Daha sonra namizəd Baş Assambleya tərəfindən təsdiqlənməlidir.
Hazırkı BMT baş katibi Antonio Quterreşin səlahiyyət müddəti 31 dekabr 2026-cı ildə başa çatır.
















