44 Günlük Vətən Müharibəsinin 100-ə yaxın iştirakçısı Nazirlər Kabinetinin 420 nömrəli Qərarının qanunsuz hesab edilməsini istəyir.
1xeber.media Gununsesi.info-ya istinadla xəbər verir ki, onlar bu məqsədlə Konstitusiya Məhkəməsinə şikayət edib.
Saytımıza təqdim olunan müraciətdə hərbçilər bildirir ki, NK- nın 420 saylı 30.12.2021 tarixli qərarı Konstitusiyaya və “Veteranlar haqında” qanuna zidd olduğu üçün Konstitusiya Məhkəməsi həmin qərarın Konstitusiyaya və qanuna uyğunluğunu yoxlamalıdır.
“Bildiririk ki, biz Ali Baş Komandanın əmri ilə 44 günlük Vətən Müharibəsinə çağrıldıq, konkret döyüştapşırıqları aldıq və 44 günlük Vətən Müharibəsi dövründə və ondan sonrakı dönəmdə döyüş əməliyyatları aparan “N” saylı hərbi hissə və ya orqanların tərkibində hərbi xidmətdə olduq.
Lakin bu günə qədər biz zabit və əsgərlərə Müharibə veteranı adı verilməmişdir. Belə ki, Nazirlər Kabineti Vətən Müharibəsinin bitməsindən 13 ay sonra 420 nömrəli Qərarını qəbul etməklə biz əsgər və zabitlərə müharibə veteranı adının verilməsini əngəlləmiş oldu və nəticədə bizim hüquqlarımız pozuldu, bizə ağır və bərpaedilməz zərər vuruldu.
Buna görə də cari ilin may ayında ehtiyyatda olan 88 əsgər və zabit olaraq, biz Konstitusiya Məhkəməsinə ərizə ilə müraciət etdik ki, bizə vurulmuş ağır və bərpaedilməz zərəri aradan qaldıraq və hüquqlarımız bərpa edilsin. Bu qərar həm də Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə ziddir, çünki 420 nömrəli qərar müharibə bitəndən 13 ay sonra qərar qəbul edilərək bizim hüquqi vəziyyətimizi daha da ağırlaşdırmışdır.
Həm də nəzərə almaq lazımdır ki, Vətən müharibəsi bitəndən sonra bizim hüquqi vəziyyətimizi məhdudlaşdırmamaq üçün oxşar ictimai münasibətləri tənzimləyən və həmin dövrdə, eləcə də indi də qüvvədə olan “Veteranlar haqqında” Qanunun 3-cü maddəsindəki, eləcə də dəyişiklik edilənə qədər köhnə redaksiyada qüvvədə olmuş Nazirlər Kabinetinin 216 saylı qərarındakı normalar bizə tətbiq edilməli idi. Yəni ən azından “Veteranlar haqqında” Qanunun 3-cü maddəsində və Nazirlər Kabineti 216 saylı qərarında sovet əsgər və zabitləri ilə bağlı qəbul edilmiş normalar bizə şamil edilməli və bizə də Müharibə veteranı statusu verilməli idi.
Necə ola bilir ki, 1995-ci ildə Nazirlər Kabineti qəbul etdiyi 216 saylı qərarı ilə 1941-1945-ci illərdə döyüş əməliyyatlarında iştirak etməmiş, sadəcə müharibə dövründə hərbi xidmətə çağrılmış sovet əsgər və zabitlərinə müharibə veteranı statusunu verə bilir, amma bizə yox?
Konstitusiya Məhkəməsinə verdiyimiz ərizədə qaldırdığımız məsələlərdən biri də budur ki, Nazirlər Kabinetinin 420 nömrəli qərarı həm də Nazirlər Kabinetinin əvvəllər qəbul etdiyi, yəni 1995-ci il 22 sentyabr tarixində qəbul etdiyi 216 nömrəli Qərarına da zidd olmuşdur. Belə ki, 216 nömrəli qərarla təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin 9-cu abzasında yazılıb ki, “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə” də müharibə veteranı adı verilməlidir. 216 nömrəli qərarın 9-cu abzasına görə biz 44 günlük Vətən Müharibəsi dövründə döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçsək də, 420 nömrəli qərarla bizə əsassız olaraq müharibə veteranı adı verilməmişdir.
Bundan başqa, Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 420 nömrəli Qərarı Konstitusiyaya və “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinə, habelə Azərbaycan Respublikası Prezidentinin 3088 saylı 29.12.2021-ci il tarixli Sərəncamına uyğun deyildir. Çox təəccüblüdür ki, Nazirlər Kabineti tələm-tələsik qaydada 420 nömrəli qərarı qəbul edərkən normayaratma prosesinin mərhələləri barədə“Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 40-cı maddəsinin və digər maddələrin tələblərini pozmuşdur. Belə ki, 29.12.2021-ci il tarixli 3088 saylı sərəncamda cənab Prezident Nazirlər Kabinetinə tapşırıqlar verir ki, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılması bir ay müddətində təmin edilsin. Nazirlər Kabineti isə bir neçə saatın içində 30 dekabr 2021-ci ildə 420 nömrəli qərar qəbul edir və tələm-tələsik formada özünün 216 nömrəli qərarına dəyişikliklər edir. Halbuki “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə görə cənab Prezidentin sərəncamında Nazirlər Kabibeti üçün 1 aylıq müddət müəyyən edildiyinə görə 420 nömrəli qərarın layihəsinə həmin sahəyə cavabdeh olan qurum tərəfindən 10 gün müddətində münasibət bildirilməli idi. Bundan başqa, 40-cı maddəsinin tələblərinə görə hər hansı qərara dəyişiklik etmək üçün əvvəlcə dəyişiklik barədə işlər planlaşdırılmalı idi, sonra 420 nömrəli qərarın layihəsi hazırlanmalı idi, sonra Nazirlər Kabinetinin struktur bölmələri layihəni Hüquqi Ekspertizadan keçirdib, ona rəy verməli idilər, daha sonra isə həmin qərar qəbul edilməli idi. Yəni bütün bunlar vaxt aparan işlərdir. Cənab Prezidentin 3088 saylı sərəncamından sonra Nazirlər Kabineti tərəfindən qısa müddət ərzində belə bir qərarın qəbul edlməsi biz əsgər və zabitlərdə suallar doğurur.
Bütün bu və digər ziddiyyətlərlə bağlı Konstitusiya Məhkəməsinə hüquqi cəhətdən əsaslandırılmış ərizə yazıb vermişik, eləcə də Nazirlər Kabinetinin 420 nömrəli qərarındakı təxminən 9-a qədər ziddiyyəti açıq şəkildə göstərmişik. Milli Məclisin deputatları cənab Razi Nurullayev və cənab Qüdrət Həsənquliyev Milli Məclisdə bu ziddiyyətlər barədə çıxışlar etmişlər. İnanırıq ki, Konstitusiya Məhkəməsi işə ədalətlə baxacaq və ərizədə qaldırılmış bütün məsələlərə öz səlahiyyətləri çərçivəsində hüquqi qiymət verib, bizə dəymiş ağır və bərpaedilməz zərəri aradan qaldıracaq və pozulmuş hüquqlarımızı bərpa edəcək.Görək, Konstitusiya Məhkəməsi hansı qərarı qəbul edəcək və ərizədəki ziddiyyətlərə necə hüquqi qiymət verəcəkdir.
Hörmətlə,
88 nəfər ərizəçi: “N” saylı hərbi hissələrdə xidmət etmiş və ehtiyyata buraxılmış bir qrup əsgər və zabit kollektivi
















