X (keçmiş Twitter) sosial şəbəkəsi İranın dövlətə bağlı “Tasnim” xəbər agentliyinin rəsmi hesablarını bloklayıb.
1xeber.media xəbər verir ki, hazırda agentliyin ingilis, fars və digər dillərdə fəaliyyət göstərən X hesabları əlçatan deyil. Hesablara daxil olmağa cəhd edildikdə “Hesab dayandırılıb. X platforması qaydalarını pozan hesabları dayandırır” bildirişi göstərilir.
X rəhbərliyi hesabların hansı qaydanı pozduğunu rəsmi şəkildə açıqlamayıb. Bununla belə, beynəlxalq KİV-lər platformanın qərarının təhlükəsizliklə bağlı narahatlıq doğuran məzmunun paylaşılması ilə əlaqəli ola biləcəyini yazır.
Qeyd edək ki, “Tasnim” agentliyi İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli media qurumu kimi tanınır.
















