Avropa İttifaqının (Aİ) Ermənistanı Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə məcbur edəcəyi iddia olunur.
1xeber.media xəbər verir ki, bunu Avropa Parlamentinin deputatı Fernan Kartxayzer “İzvestiya” nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Brüssel tərəfindən İrəvana məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə bağlı ciddi təzyiq göstəriləcək. Deputat ümid etdiyini bildirib ki, Ermənistan xarici təsirlərə qarşı davam gətirəcək və “öz maraqlarının qayğısına qalmağa” başlayacaq.
“Avropa İttifaqı respublikadan öz geosiyasi məqsədləri üçün istifadə edir, lakin belə addımların qaçılmaz iqtisadi və siyasi nəticələrindən onu qoruya bilməyəcək”, – deyə Kartxayzer qeyd edib.
Qeyd edək ki, 2025-ci ildə Ermənistan parlamenti ölkənin Avropa İttifaqına üzvlük prosesinin başlanmasını nəzərdə tutan qanun layihəsini qəbul edib. Sənəd Ermənistanın xarici siyasətdə Avropa istiqamətini rəsmiləşdirməsini nəzərdə tutur.
Moskva isə dəfələrlə bildirib ki, Avropa İttifaqına üzvlük və Avrasiya İqtisadi İttifaqında (Aİİ) iştirakın eyni vaxtda mümkün olmadığını hesab edir. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bu məsələdə aydınlığın bütün tərəflər üçün faydalı olacağını vurğulayıb.
Qeyd edək ki, Ermənistanın Rusiyaya qarşı sanksiyalar tətbiq edib-etməyəcəyi ilə bağlı rəsmi qərar açıqlanmayıb.
















