Çində “Sivilizasiyalararası mübadilə və qədim klassik əsərlərin tərcüməsi” adlı elmi konfrans keçirilib.
1xeber.media xəbər verir ki, Beynəlxalq Konfutsiçilik Assosiasiyası və Konfutsi Tədqiqat İnstitutunun təşkil etdiyi konfransda çinli alimlərlə yanaşı Azərbaycan, ABŞ, Fransa, Misir, Hindistan, İran, İspaniya daxil olmaqla, 20 ölkədən 50-yə yaxın alim və tədqiqatçı iştirak edib.
Pekin Xarici Dillər Universitetinin Asiya fakültəsinin Azərbaycan dili kafedrasının müdiri, Beynəlxalq Konfutsiçilik Assosiasiyasının idarə heyətinin üzvü, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev “Konfutsi fəlsəfəsinin əsas konseptlərinin Azərbaycan dilində mədəniyyətlərarası transformasiyası” mövzusunda çıxış edib. Çinşünas alim Konfutsinin “Söhbətlər və mühakimələr” (əsər həm də “Lunyü” adı ilə tanınır) əsərinin Çin dilindən Azərbaycan dilinə tərcüməsi prosesi ilə bağlı apardığı tədqiqatın əsas nəticələrini təqdim edib. Çıxışda əsərin tərcüməsi zamanı istifadə olunan metodoloji yanaşmalar, Konfutsiçilik fəlsəfəsinin əsas anlayışlarını ifadə edən mədəni yüklü söz və terminlərin Azərbaycan dilinə adekvat şəkildə ötürülməsi məsələləri geniş şəkildə izah edilib.
Alim qeyd edib ki, Konfutsi fəlsəfəsinə aid bir sıra konseptlər yalnız linqvistik deyil, həm də dərin tarixi, fəlsəfi və mədəni məna daşıyır. Buna görə də onların tərcüməsi zamanı yalnız hərfi tərcümə deyil, eyni zamanda, orijinal semantik yükünün qorunması əsas prinsip kimi nəzərə alınmalıdır. Təqdimatda mədəniyyətlərarası kommunikasiya və tərcüməşünaslıq baxımından bu anlayışların Azərbaycan dilində yenidən ifadə olunması, mümkün tərcümə strategiyaları və qarşıya çıxan nəzəri-praktik problemlər ətraflı şəkildə təhlil edilmişdir.
Çıxış zamanı mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsində qarşılıqlı tərcümənin funksiyası, həmçinin qədim mətnlərin müxtəlif sivilizasiyalar arasında intellektual və mənəvi dialoqun qurulmasında oynadığı mühüm rol diqqətə çatdırılıb.
Qeyd edək ki, Konfutsinin kəlamları və onun tələbələri ilə dialoqlarından ibarət olan “Söhbətlər və mühakimələr” əsərini Çin dilindən Azərbaycan dilinə ilk dəfə Aqşin Əliyev tərcümə edib. Əsərin Çinin “Xarici dillər” nəşriyyatında cari ilin avqust ayında nəşr olunması nəzərdə tutulur.
















