Türkiyənin paytaxtı Ankarada Etimesqut Bələdiyyəsinə qarşı keçirilən korrupsiya əməliyyatı çərçivəsində bələdiyyə sədri Erdal Beşikçioğlu saxlanılıb.
1xeber.media Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat Etimesqut Bələdiyyəsində aparılıb.
Beşikçioğlunun hansı ittihamlarla saxlanıldığı və istintaqın digər təfərrüatı ilə bağlı hələlik ətraflı məlumat verilməyib.
Qeyd edək ki, 56 yaşlı Erdal Beşikçioğlu uzun illər aktyor və teatr rejissoru kimi fəaliyyət göstərib, Türkiyə Dövlət Teatrlarında müxtəlif vəzifələrdə çalışıb.
Beşikçioğlu xüsusilə televiziya və teatr layihələrindəki rolları ilə tanınıb. O, 2015-ci ildə Ankara Dövlət Teatrından təqaüdə çıxıb.
Beşikçioğlu siyasətə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi kimi daxil olub. 2024-cü il martın 31-də keçirilən yerli seçkilərdə CHP-nin Etimesqut bələdiyyə sədri namizədi olaraq seçkiyə qatılıb və qalib gəlib.
O, aprelin 4-də seçki vəsiqəsini aldıqdan sonra Etimesqut bələdiyyə sədri vəzifəsinin icrasına başlayıb.
***
Etimesqut Bələdiyyəsinə qarşı həyata keçirilən korrupsiya əməliyyatının detalları açıqlanıb.
Türkiyənin Daxili İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir ki, Ankara Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Etimesgut bələdiyyə sədri Erdal Beşikçioğlu da daxil olmaqla, 55 nəfər barəsində həbs qərarı çıxarılıb.
Onlardan, Beşikçioğlu da daxil olmaqla, 37 nəfərin bələdiyyə işçisi, 18 nəfərin şirkət rəsmisi olduğu vurğulanıb.
Bununla yanaşı, əməliyyat zamanı cinayət törətmək məqsədilə təşkilat qurmaq və ona üzv olmaq, mənimsəmə, rüşvət və hədə-qorxu ilə tələb etmə, tenderlərdə və öhdəliklərinin icrasında saxtakarlıq, vəzifədən sui-istifadə ittihamları ilə 52 nəfər saxlanılıb. Qalan 3 şübhəli şəxsin saxlanılması istiqamətində işlər davam etdirilir.
















