ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə bağlı əsas məqsədlərinin münaqişənin başa çatdırılması olduğunu bildirib.
1xeber.media xəbər verir ki, Tramp bu barədə Financial Times nəşrinə müsahibəsində danışıb.
“Sadə desək, biz Ukraynada Rusiya ilə müharibənin başa çatmasını istəyirik. Mən raket axtarmıram. Biz sülh axtarırıq”, – deyə ABŞ lideri bildirib.
Bundan əvvəl Tramp Ukraynaya Patriot zenit-raket sistemlərinin istehsalı üçün lisenziya verilməsi ilə bağlı qərarı hələ təsdiqləməyə hazır olmadığını da açıqlamışdı.
Bu bəyanat Ağ evdə Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən görüşdən iki gün sonra səsləndirilib. Həmin görüşün ardından Zelenski ABŞ prezidentinin Kiyevə müəyyən texnologiyaların ötürülməsinə razılıq verdiyini bildirmişdi.
Qeyd edək ki, tərəflər arasında mümkün hərbi-texniki əməkdaşlığın detalları ilə bağlı rəsmi qərar hələ açıqlanmayıb.

















