Britaniya xüsusi təyinatlı qüvvələrində xidmət etmiş məşhur alpinist dünyanın ən yüksək dağlarından birində baş verən qar uçqunu nəticəsində itkin düşüb.
1xeber.media xarici mətbuata istinadən xəbər verir ki, Nirmal Purja Pakistanın şimalındakı Broad Zirvəsinə (8051 m) ekspedisiyaya rəhbərlik edib. Dünən günortadan sonra onlarla əlaqə kəsilib.
Pakistan "Alp Klub"u indiyə qədər dörd nəfərin meyitinin tapıldığını bildirib. Onlardan ikisinin Omandan olan Nadir Əl-Harti və Nepaldan olan Pur Bahadur Gurung olduğu müəyyən edilib.
Klub əlavə edib ki, digərlərinin şəxsiyyəti "rəsmi məlumat əldə edilən kimi" açıqlanacaq. Ölənlərdən əlavə, dağda Purja ilə birlikdə daha dörd Nepal alpinisti, eləcə də Pakistan, Çin və ABŞ vətəndaşları da itkin düşüb.
Karakorum dağ silsiləsində yerləşən Broad Zirvəsi dünyanın 12-ci ən yüksək dağı kimi tanınır.
Qeyd edək ki, 43 yaşlı Nirmal Purja Britaniya vətəndaşı, MBE və dünyanın ən məşhur alpinistlərindən biridir. 2019-cu ildə o, cəmi altı ay ərzində dünyanın 14 ən yüksək zirvəsini fəth edərək ən sürətli dırmanış rekordunu qırıb.
Nepalda anadan olan Purja 16 il orduda - Britaniya xüsusi təyinatlı qüvvələrinin bir qolu olan SBS-də (Xüsusi Qayıq Xidməti) xidmət edib.

















