bp “Azəri-Çıraq-Günəşli”, “Bakı-Tbilisi-Ceyhan” (BTC), “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları adından Azərbaycan üçün yüksəkixtisaslı yerli kadrların yetişdirilməsinə dəstək məqsədi daşıyan növbəti təhsilyönümlü sosial layihəni uğurla başa çatdırıb.
1xeber.media xəbər verir ki, təşəbbüs bp və tərəfdaşlarının dünya səviyyəli bilik və bacarıqların formalaşdırılmasına töhfə verməklə ölkənin dayanıqlı gələcəyinin qurulmasına dəstək olmaq öhdəliyinin bir hissəsidir.
Layihə çərçivəsində aztəminatlı ailələrdən seçilmiş 30 istedadlı Azərbaycan gəncinə beynəlxalq universitetlərə qəbul prosesinin bütün mərhələlərini əhatə edən hərtərəfli dəstək göstərilib. Proqramın iştirakçıları öz akademik göstəriciləri, ingilis dili bilikləri və xaricdə ali təhsil almaq potensialları əsasında seçiliblər.
Proqram çərçivəsində tələbələrə 50-dən çox qrup və fərdi dərslərdən ibarət hazırlıq kursları təklif olunub. Bu kurslar onların IELTS, SAT, TOEFL, “Duolingo”, GRE və GMAT daxil olmaqla, dünyanın aparıcı universitetlərinə qəbul üçün tələb olunan imtahanlara hazırlaşmasına kömək edib. İştirakçılara, həmçinin universitet seçimi, qəbul üçün müraciət sənədlərinin hazırlanması, motivasiya və tövsiyə məktublarının yazılması, eləcə də təqaüd imkanlarının müəyyənləşdirilməsi ilə bağlı məsləhət və istiqamətləndirmə xidmətləri göstərilib.
Hazırda yekun nəticələr tam məlum olmasa da, layihə iştirakçılarının hamısı artıq ən azı bir xarici universitetdən qəbul təklifi alıb. Onlardan 15-i bakalavr, digər 15-i isə magistr pilləsi üzrə müraciət edib. Ümumilikdə isə, hələlik iştirakçılar dünyanın 17 ölkəsində yerləşən 52 universitetdən təxminən 120 qəbul təklifi alıblar. Bu universitetlər sırasında “University College London”, “National University of Singapore” və “University of California, Berkeley” kimi nüfuzlu beynəlxalq ali təhsil müəssisələri də var. Əldə olunan bu yüksək nəticələr həm tələbələrin akademik potensialının, həm də layihə çərçivəsində onlara göstərilən dəstəyin keyfiyyətinin göstəricisidir.
Bu gün layihənin uğurla başa çatmasını və iştirakçıların nailiyyətlərini qeyd etmək məqsədilə keçirilən tədbirdə tələbələrə proqramı uğurla başa vurmalarına dair sertifikatlar təqdim olunub və onlar öz gələcək təhsil planları və hədəfləri barədə fikirlərini bölüşüblər.
“Dörd ildir qürurla dəstəklədiyimiz bu təşəbbüsün davamlı uğurlarını görməkdən çox məmnunuq. Burada əsas məqsəd istedadlı azərbaycanlı gənclər üçün onların gələcəklərini formalaşdıracaq və dünyagörüşlərini genişləndirəcək beynəlxalq təhsilə çıxış imkanları yaratmaqdır. İndiyədək əldə olunan nəticələr göstərir ki, uğurun yolu istedad, zəhmət və əzmkarlığın lazımi dəstək və imkanlarla birləşdirilməsindədir. Bu gün milli kadr potensialının inkişafına sərmayə qoymaqla, yeni nəsil mütəxəssislərin Azərbaycanın dayanıqlı gələcəyinə layiqli töhfə verməsi üçün onların zəruri bilik və bacarıqlara yiyələnməsinə, eyni zamanda, qlobal baxışlarını genişləndirməsinə dəstək veririk”,- deyə bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.















