Yeni əlifbanın tətbiqi müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında baş
vermiş mühüm hadisələrdən biridir. Müstəqilliymizin qazanılmasından sonra yaranmış tarixi
şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər
açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bu mənada Azərbaycan
Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında Ulu Öndər Heydər Əliyevin 9
avqust 2001-ci il tarixli 552 nömrəli Fərmanı tarixi hadisədir.
Azərbaycan dilinin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin,
dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur. Dil hər bir
xalqın varlığının əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını
müəyyən edən başlıca amillərdəndir. Ana dili dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi
müqəddəsdir.
70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi
həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra
milli dillərin sıxışdırılması prosesi daha da gücləndi. Belə bir şəraitdə ana dili məsələsinin
təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. 30-ci illərdə dil məsələsini qabardanlar Sibirə
sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə
gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, məhz elə 70-ci illərdə Azərbaycan
Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox
cəsarətlə, qətiyyətlə bildirmişdir.
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan
SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə
olunmuşdur.
1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci
maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini
tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir.
Ulu Öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti
nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”
Fərman imzalamışdır. İlk növbədə müstəqil Azərbaycan dövlətinin dil siyasətinin
müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət
daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir.
Prezident İlham Əliyev tərəfindən 2004-cü il yanvarın 12-də imzalanmış “Azərbaycan dilində
latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam ilə hər il latın qrafikalı
Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Həmin il yanvarın 14-də
“Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da
“Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan
əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarla ana dilinin həyatımızın bütün
sahələrində müfəssəl tətbiqi gerçəkləşib.
Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin
“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə
dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi
milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması
baxımından mühüm tarixi hadisədir. Dövlət Proqramının məqsədi Azərbaycan dilinin
istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın
tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır.
Prezident İlham Əliyevin 17 iyul 2018-ci il tarixli “Azərbaycan dilinin elektron məkanda
daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı
Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi
əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan
dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı
tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir
daha təsdiq edir.
Aynur Rəhimova,
Sabirabad rayon Musiqi məktəbinin direktoru















