1xeber.media xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun yaxın vaxtlarda Rusiya və Ukrayna arasında münaqişənin nizamlanması ilə bağlı danışıqları yenidən bərpa etməyə çalışacağını bildirib.
O, bu barədə Reuters agentliyinə açıqlamasında danışıb.
Rubionun sözlərinə görə, hər iki tərəfin aydın müəyyənləşdirdiyi "qırmızı xətlər" mövcuddur və bu mövqelər müəyyən qədər yaxınlaşdırılmadan irəliləyiş əldə etmək çətin olacaq.
“Biz anlayırıq ki, hər iki tərəfin kifayət qədər dəqiq müəyyən edilmiş qırmızı xətləri var. Bu mövqeləri bir qədər yaxınlaşdıra bilməyincə istədiyimiz nəticəyə nail ola bilməyəcəyik. Lakin biz bunun üçün çalışmağa hazırıq”, – deyə Rubio bildirib.
Xatırladaq ki, iyunun 24-də Rusiya Prezidenti Vladimir Putin Moskvanın Ukrayna ilə sülh danışıqlarına hansı prinsiplər əsasında hazır olduğunu açıqlamışdı. O bildirmişdi ki, danışıqlar İstanbulda əldə olunmuş razılaşmalar, Ankoricdə müzakirə edilən yanaşmalar və mövcud vəziyyət nəzərə alınmaqla aparıla bilər.
Qeyd edək ki, iyulun 29-da ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə yaxşı münasibətlərinin olduğunu bildirib və Ukrayna Prezidenti Volodimir Zelenskini danışıqlara getməyə çağırıb.
















