1xeber.media xəbər verir ki, Fələstinin HƏMAS hərəkatı İsrailin hərbi əməliyyatları və hücumları dayandıracağı təqdirdə silahsızlanma prosesinə başlamağa hazır olduğunu bəyan edib.
Hərəkatın nümayəndələri RIA Novosti agentliyinə bildiriblər ki, hərbi əməliyyatların dayandırılması və İsrailin hücumlarına son qoyulması razılaşmanın icrası mərhələsinə keçid üçün əsas şərtdir.
“Döyüş əməliyyatlarının və İsrail hücumlarının dayandırılması razılaşdırılmış qrafiklərin hazırlanması və sazişin icra mexanizmlərinin müəyyənləşdirilməsi də daxil olmaqla, növbəti mərhələyə keçidin əsas şərtidir”, – deyə HƏMAS nümayəndələri qeyd ediblər.
Hərəkat vurğulayıb ki, Qəzza zolağı ilə bağlı nizamlanma planı kompleks xarakter daşıyır və bir neçə bəndin paralel şəkildə həyata keçirilməsini nəzərdə tutur. Bunlara atəşkəsin təmin edilməsi, İsrail qoşunlarının Qəzzadan çıxarılması, bölgənin bərpası proqramlarının başlanması və humanitar yardımın çatdırılması daxildir.
Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası Qəzza zolağında münaqişənin mərhələli şəkildə başa çatdırılmasını nəzərdə tutan plan təqdim etmişdi. Sənəddə HƏMAS da daxil olmaqla fələstinli silahlı qrupların tədricən silahsızlaşdırılması, idarəetmənin xüsusi komitəyə verilməsi və İsrail qoşunlarının bölgədən çıxarılması təklif olunur.
















