ABŞ ordusunda yüksəkvəzifəli komandanların Pentaqonun bəzi sursat ehtiyatlarının “təhlükəli dərəcədə azaldığı” barədə xəbərdarlıq etdiyi bildirilir. Məlumata görə, İranla davam edən qarşıdurma zamanı ABŞ-nin əsas raketdən müdafiə sistemlərində istifadə olunan tutucu raketlərin əhəmiyyətli hissəsi sərf edilib.
1xeber.media xəbər verir ki, CNN telekanalına danışan və məsələ ilə tanış olan mənbələrin bildirdiyinə görə, ABŞ ordusu İranın hücumları zamanı mühüm hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulan raket ehtiyatlarının böyük hissəsini istifadə edib.
Mənbələrin iddiasına əsasən, müharibənin başlanmasından sonra ABŞ-nin “Terminal Yüksək Hündürlük Ərazi Müdafiəsi” (THAAD) sistemi üçün raket ehtiyatlarının təxminən 80 faizi, “Patriot” sistemlərində istifadə olunan tutucu raketlərin isə təxminən yarısı tükənib.
CNN-in əldə etdiyi məlumatlarda Pentaqon daxilində aparılan son qiymətləndirmələrə əsasən, ABŞ ordusunun yüksəkdəqiqlikli, uzaqmənzilli yer-hava raketlərinin də böyük hissəsini istifadə etdiyi bildirilib.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) hesablamalarına görə, İranla qarşıdurma başlamazdan əvvəl ABŞ arsenalında təxminən 2200 “Patriot” və 452 THAAD raketi olub.
Bildirilir ki, bu ehtiyatların əvvəlki səviyyəyə qaytarılması uzun vaxt tələb edə bilər. CSIS-in qiymətləndirməsinə görə, THAAD raket ehtiyatlarının bərpası üç il və ya daha çox çəkə bilər.
ABŞ mediasında yayılan məlumatlara görə, raket ehtiyatları ilə bağlı narahatlıqlar, İranın kritik infrastrukturuna mümkün zərbələrin nəticələri və Körfəz ölkələrinin təhlükəsizliklə bağlı narahatlıqları ABŞ Prezidenti Donald Trampın İrana qarşı planlaşdırılan yeni hücumları dayandırmaq qərarında rol oynayıb.
Məlumata görə, Tramp şənbə günü Yaxın Şərqdəki müttəfiqləri ilə apardığı müzakirələrdən sonra yeni hücum planlarından geri çəkilib.
Pentaqon isə iddiaları şərh edərkən ABŞ ordusunun dünyanın ən güclü ordusu olduğunu və prezidentin qərar verdiyi istənilən vaxt əməliyyat keçirmək üçün lazımi imkanlara malik olduğunu bildirib.
Pentaqon sözçüsü Şon Parnell ABŞ qüvvələrinin qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün kifayət qədər resursa sahib olduğunu vurğulayıb.

















