1xeber.media xəbər verir ki, Rusiyada süni intellekt (Sİ) alətlərinin tətbiqi səbəbindən işçilərin kütləvi şəkildə işdən azad edilməsi halları qeydə alınmayıb.
Bu barədə SuperJob xidmətinin ekspertlərinə istinadən AGN "Moskva" məlumat yayıb.
Ekspertlərin sözlərinə görə, 2024-cü ildə əmək bazarında yaşanan kadr çatışmazlığı ilə bağlı vəziyyət hələ də işəgötürənlərin yaddaşındadır və onlar asanlıqla əməkdaşlarla yollarını ayırmağa hazır deyillər.
Mütəxəssislər bildiriblər ki, bəzi hallarda yeni işçilərin axtarışı dayandırılıb, müəyyən funksiyalar qismən avtomatlaşdırılıb və mövcud əməkdaşlar arasında bölüşdürülüb.
Qeyd olunur ki, süni intellekt daha çox bəzi sahələrdə, xüsusilə İT sektorunda yeni başlayan mütəxəssislərin ("junior") iş tapmasına təsir edib, lakin peşəkar kadrların ixtisarına əsas səbəb olmayıb.
1xeber.media bildirir ki, ekspertlər son bir ildə müxtəlif peşə sahiblərinin süni intellektlə bağlı gözləntilərinin azaldığını da qeyd ediblər. Eyni zamanda, Sİ-nin inkişafından narahat olan insanların sayının artdığı, texnologiyadan qorxmayan respondentlərin payının isə 55 faizdən 49 faizə endiyi açıqlanıb.

















