BMT-nin Baş katibi Antonio Quterreş Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları ilə Rusiyanın müxtəlif bölgələrinə endirdiyi zərbələri pisləyib. Bu barədə BMT Baş katibinin sözçüsünün müavini Fərhan Haq brifinq zamanı bildirib.
1xeber.media xəbər verir ki, Fərhan Haqın sözlərinə görə, Antonio Quterreş Rusiya–Ukrayna münaqişəsinin daha da genişlənməsindən, o cümlədən döyüşlərin Rusiya ərazisinə keçməsindən dərin narahatlıq keçirir.
"Bununla əlaqədar olaraq, Baş katib Ukraynanın son günlər Rusiya Federasiyasının bir sıra bölgələrinə pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi və mülki şəxslərin həlak olması, həmçinin mülki infrastruktura ziyan dəyməsi ilə nəticələndiyi bildirilən hücumları da pisləyir", – deyə Haq bildirib.
Quterreş həmçinin Qara və Azov dənizlərində gəmiçiliyə yaranan artan risklərdən narahatlığını ifadə edib. O, tərəfləri təcili deeskalasiyaya, tam, dərhal və qeyd-şərtsiz atəşkəsə nail olmağa çağırıb.
Xatırladaq ki, bundan əvvəl Fərhan Haq Ukrayna PUA-sının Gelencikdə çimərliyə endirdiyi zərbə ilə bağlı da BMT-nin mülki əhali arasında itkilərə səbəb olan bütün hücumlara qarşı olduğunu bəyan etmişdi.

















