Ukraynanın Kiyevin nəzarətində olan Zaporojye və Xerson vilayətlərində yaşayan insanların ərzaq və kommunal xidmətlərin bahalaşması səbəbindən ciddi sosial çətinliklərlə üzləşdiyi iddia olunur. Bu barədə Rusiyanın TASS agentliyinə rusiyapərəst yeraltı hərəkatın nümayəndəsi məlumat verib.
1xeber.media xəbər verir ki, mənbənin sözlərinə görə, insanlar təkcə hərbi səfərbərlik, sosial bərabərsizlik, ərzaq və kommunal xidmətlərin yüksək qiymətlərindən yorulmayıb, həm də mənəvi və fiziki baxımdan tükəniblər.
Bildirilib ki, yerli sakinlər sadə vətəndaşlarla məmurlar arasındakı sosial fərqi aydın şəkildə hiss edirlər. Mənbənin iddiasına görə, mövcud problemlər həll edilmir, insanlar ya Ukrayna Silahlı Qüvvələrinə səfərbər olunur, ya da müxtəlif təzyiqlərlə üzləşirlər.
Həmçinin qeyd olunub ki, Xersonun bəzi rayonlarında və Zaporojyedə fövqəladə vəziyyət elan edilməsinə ehtiyac olduğu düşünülsə də, yerli hakimiyyət orqanları bunu etməyərək Kiyevə vəziyyətin normal olduğu barədə hesabat verir.
Qeyd edək ki, bu məlumatlar rusiyapərəst yeraltı hərəkatın açıqlamalarına əsaslanır və müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

















