Windows əməliyyat sistemi ilə işləyən kompüterlərin qiymətinin təxminən 5 faiz artacağı gözlənilir.
1xeber.media xəbər verir ki, bu barədə “United Daily News” (UDN) məlumat yayıb.
Nəşrin mənbələrinə görə, Microsoft iyul ayında lisenziya haqlarını artırıb. Bu qərarın həm fərdi kompüter istehsalçılarına, həm də istehlakçılara əlavə maliyyə yükü yaradacağı bildirilir.
Məlumata görə, bir sıra Windows kompüterləri artıq bahalaşıb, lakin qarşıdakı dövrdə qiymətlərin yenidən artacağı gözlənilir.
UDN qeyd edir ki, Microsoft lisenziya haqlarını hər il artırır. Bu il artımın 7-10 faiz arasında olduğu bildirilir. Lisenziya haqqının məbləği kompüterdə istifadə olunan prosessor modelindən asılıdır.
Mənbələr üçüncü rübdə kompüterlərin qiymətinin təxminən 5 faiz artacağını bildiriblər. Bəzi modellərdə qiymət artımının artıq baş verdiyi, lakin bunun yaddaş qurğularının bahalaşması ilə əlaqələndirildiyi qeyd olunur.
Qiymət artımı barədə ilk məlumat verən şirkətlər arasında Tayvanın ASUS və Acer şirkətləri də olub. Məsələn, ASUS kompüterlərinin qiymətinin 2025-ci ilin dördüncü rübü ilə müqayisədə orta hesabla 30 faiz artdığı bildirilir.
UDN-in Counterpoint Research hesabatına istinadən verdiyi məlumata görə, 2026-cı ilin ikinci rübündə dünya üzrə kompüter tədarükü 65 milyon ədəd təşkil edib ki, bu da illik müqayisədə 4 faiz azdır.

















