1xeber.media globalinfo.az-a istinadla xəbər verir ki, Kəramətin bir vaxtlar sataşdığı, vaxtaşırı “sancdığı” partiya sədrlərinin çevrəsi, nüfuzlu şəxslərin yaxınları, ictimai-siyasi fəalların isə özləri yazıçıdan “qisas” almaqdadırlar. “Bəs deyirdin biz hökumətdən pul alırıq? Noldu, Kəramət, özün hakimiyyətdən obyekt alırsan?” – təxminən belə bir ritorik suallar ünvanlanır ona.

Bəzi iddialara görə, FHN bunu K.Böyükçölü nüfuzdan salmaq üçün açıqlayıb. Belə desək, nazirlik bilərəkdən Kəraməti “yandırıb”. Bəzi rəylərdə isə deyilir ki, bu, prosedurdur, açıqlanmalıdır. Amma sual oluna bilər ki, bütün obyektlər istismara veriləndə bu şəkildə ictimailəşdirilir?

K.Böyükçöl isə özünün Facebook hesabında gəzən söz-söhbətə belə ironik statusla reaksiya bildirib:

“Şərurlu İsfəndiyarın müsahibəsindən sonra gördüm ki, ölkədə çobanların işi yaxşı gedir. Həmin vaxt da qeyri-yaşayış obyektlərinin sənədləşdirilməsi ilə bağlı fərman çıxdı. Mən gedib torpağı sənədləşdirirəm ki, bankdan kredit götürüb özümə qoyun, quzu alım. Bir az çoban kimi fəaliyyət göstərəndən sonra başlayacam bina tikməyə. Belə”

Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyi  “Sumqayıt şəhəri, Qaya küçəsi, giriş 143” ünvanında inşa olunan qeyri-yaşayış binalarının istismarına icazə verib.

Üç binadan ibarət olan qeyri-yaşayış obyektinin ən böyüyünün tikinti sahəsi 1 250 kvadratmetrdir. Digər 2 obyekt isə 191 və 37 kvadratmetr tikinti sahəsinə sahibdir. Hər 3 obyekt 1 mərtəbədən ibarətdir. FHN “Entre” MMC-nin hazırladığı layihə əsasında tikilən binalara 22 iyun 2026-cı il tarixli, 13160 nömrəli istismara hazırlıq rəyi verib. Obyektin sahibi yazıçı Kəramət Böyükçöldür (Nəcəfov Kəramət Qəşəm oğlu).

Kəramətin 3 obyektinin ümumi sahəsi 1478 kvadratdır. İndiki bazar qiyməti ilə hesablansa, bu, minimum 300-400 min manat dəyərindədir.

Onu da bildirək ki, bir müddət öncə Kəramət Böyükçölün atası Qəşəm Nəcəfzadəyə dövlət ev   verib. O, ötən ilin noyabrında Audiovizual Şuranın üzvü təyin edilib.