Böyük Britaniya yeni Baş nazir Endi Börnhəmin Kiyevə səfər edəcəyinə ümid edir.
1xeber.media xəbər verir ki, bunu Britaniyanın Ukraynadakı səfiri Nil Krompton “RBK-Ukrayna”ya müsahibəsində bildirib.
Səfirin sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski Britaniyanın yeni hökumət başçısını Ukraynaya dəvət edib. Krompton qeyd edib ki, Börnhəm baş nazir vəzifəsində cəmi üç həftədir çalışır və ilk növbədə prioritetlərini müəyyənləşdirməlidir.
“Düşünürəm ki, məqsəd səfəri mümkün qədər tez həyata keçirməkdir”, – deyə diplomat bildirib.
Krompton Böyük Britaniya kralı III Çarlzın Kiyevə mümkün səfəri ilə bağlı suala cavab olaraq bu məsələnin kralın özündən soruşulmalı olduğunu deyib. O, Ukrayna məsələsinin monarx üçün əhəmiyyətli olduğunu və bunun Zelenski ilə keçirdiyi çoxsaylı görüşlərdən də göründüyünü vurğulayıb.
Qeyd edək ki, Krompton daha əvvəl Rusiyanın NATO-ya mümkün hücumuna hazırlaşmağın vacibliyindən danışıb. Onun sözlərinə görə, Londonun hazırda Rusiya ilə münasibətləri idarə etməsi asan deyil, lakin Rusiya tərəfindən hücum baş verəcəyi təqdirdə NATO-nun razılaşdırılmış fəaliyyət planı mövcuddur.

















