ABŞ dövlət katibi Marko Rubio keçmiş amerikalı dəniz piyadası Robert Gilmanın azad edilməsinə görə Rusiyaya təşəkkür edib.
1xeber.media xəbər verir ki, Rubio bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
“Rusiyaya və xüsusi nümayəndə Stiv Uitkoffa Gilmanın azad edilməsi istiqamətində əməkdaşlığa, həmçinin onun ABŞ-da zəruri tibbi müalicə almasına imkan yaradılmasına görə təşəkkür edirik”, – deyə Rubio bildirib.
ABŞ dövlət katibi qeyd edib ki, Vaşinqton bu müsbət addımı yüksək qiymətləndirir. Bununla yanaşı, ABŞ digər saxlanılan vətəndaşlarının, o cümlədən Stiven Habardın da dərhal azad edilməsinə çalışmaqda davam edir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl Rusiya Prezidenti Vladimir Putinin Gilmanı humanitar əsaslarla azad etməyə razılaşdığını bildirmişdi. Trampın sözlərinə görə, onun azad edilməsi heç bir rusiyalı məhbusun dəyişdirilməsi qarşılığında həyata keçirilməyib.
















