ABŞ Prezidenti Donald Tramp “USS Abraham Lincoln” aviadaşıyıcısının rekord müddətə çatan missiyası ilə bağlı narahatlıqları ciddi qəbul etməyib.
1xeber.media “Çərçivə Xəbər” ə istinadən bildirir ki, gəmi 260 gündən çoxdur dənizdədir və göyərtəsində təxminən 5 min dənizçi və dəniz piyadası xidmət edir. Aviadaşıyıcının 200 gündən artıq limana yan almaması müasir dövr üçün rekord göstərici hesab olunur.
Hərbçilərin ailələri və demokrat qanunvericilər uzunmüddətli missiyanın şəxsi heyətin psixoloji vəziyyətinə, yaşayış şəraitinə və təchizatına təsirindən narahatdırlar.
Trampdan missiyanın həddindən artıq uzanıb-uzanmadığı soruşulduqda o, “Kifayət qədər uzun deyil”, – cavabını verib. Prezident gəminin tezliklə başqa aviadaşıyıcı ilə əvəz ediləcəyini də bildirib.
ABŞ Müdafiə Nazirliyi isə göyərtədəki şəraitlə bağlı yayılan məlumatların şişirdildiyini və hərbçilərin zəruri təminatla təchiz olunduğunu açıqlayıb.
















