Cənubi Koreya Prezidenti Li Ce Myon Şimali Koreyaya münasibətlərin normallaşdırılması və Koreya yarımadasında daimi sülhün yaradılması üçün danışıqlar təklif edib.
1xeber.media “Çərçivə Xəbər” ə istinadən bildirir ki, dövlət başçısı Koreyanın Yaponiya müstəmləkəçiliyindən azad edilməsinin ildönümü münasibətilə çıxışında 1953-cü ildən qüvvədə olan atəşkəs rejiminin “sülh sistemi” ilə əvəzlənməsinin vacibliyini vurğulayıb.
Li Ce Myon iki ölkənin dinc yanaşı yaşaması üçün qarşıdurma riskini azaldan mexanizmlərin yaradılmasını və Şimali Koreyanın nüvə proqramı da daxil olmaqla mübahisəli məsələlərin dialoq yolu ilə müzakirəsini təklif edib.
Koreya müharibəsində döyüşlər 1953-cü ildə atəşkəs sazişi ilə dayandırılsa da, tərəflər arasında indiyədək rəsmi sülh müqaviləsi imzalanmayıb.
Şimali Koreya rəhbərliyi əvvəlki dialoq təkliflərini qəbul etməyib, Cənubi Koreyanı “düşmən dövlət” adlandırıb və sərhəd bölgəsində hərbi hazırlığını gücləndirib.
















