1xeber.media xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin İndoneziyanın Prezidenti Prabovo Subiantonu ölkənin Müstəqillik Günü münasibətilə təbrik edib.
Kremlin yaydığı məlumata görə, Putin İndoneziyanın iqtisadi və sosial sahələrdə əldə etdiyi uğurları qeyd edib və ölkənin beynəlxalq arenada nüfuzunu vurğulayıb.
Rusiya lideri Subiantoya dövlət fəaliyyətində uğurlar və möhkəm cansağlığı, İndoneziya xalqına isə xoşbəxtlik və rifah arzulayıb.
Putin həmçinin sentyabrın əvvəlində Vladivostokda Subianto ilə görüşəcəyinə ümid etdiyini bildirib.
Rusiya Prezidenti Moskva ilə Cakarta arasında münasibətlərin uğurla inkişaf etdiyini qeyd edib. Onun sözlərinə görə, iki ölkə arasında qarşılıqlı faydalı tərəfdaşlığın genişləndirilməsi həm Rusiya və İndoneziyanın maraqlarına cavab verir, həm də Asiya-Sakit okean regionunda və dünyada təhlükəsizlik və sabitliyin möhkəmlənməsinə töhfə verir.
Qeyd edək ki, aprelin 13-də Putin və Subianto Kremldə görüşərək danışıqlar aparıblar. Görüşün nəticələrinə əsasən, Rusiya xam neft, yanacaq və mayeləşdirilmiş təbii qazının İndoneziyaya tədarükü ilə bağlı razılaşmalar əldə olunub.














