1xeber.media xəbər verir ki, 2026-cı ilin iyul ayında Rusiyanın polad ixrac qiyməti 16 faiz artaraq bir ton üçün 517 dollara çatıb.
“Eyler” analitik şirkətinin məlumatlarına əsasən, 2026-cı ilin yekununda Rusiyanın isti yayma poladının orta ixrac qiymətinin ton başına 510 dollar olacağı gözlənilir. Bu, 2025-ci illə müqayisədə 11 faiz artım deməkdir. 2027-ci ildə isə qiymətin 560 dollara yüksələcəyi proqnozlaşdırılır.
Analitiklər qiymət artımının əsas səbəblərindən birinin dünyanın ən böyük polad istehsalçısı olan Çinin ixracı azaltması olduğunu bildirirlər. Çin poladının dünya bazarına daha az çıxarılması qlobal metal qiymətlərinə, o cümlədən Rusiya poladının qiymətinə təsir göstərir.
Digər səbəb kimi Yaxın Şərqdəki silahlı münaqişənin kəskinləşməsi göstərilir. Regiondakı vəziyyət dəmir filizinin, yükdaşıma və Asiyadan polad məhsullarının daşınması xərclərinin artmasına səbəb olub. Həmçinin İrandan polad tədarükündə yaranan fasilələr bazardakı vəziyyətə təsir edib.
Ekspertlərin fikrincə, gələcəkdə Rusiya poladının qiyməti əsasən Çində istehsalçıların qərarlarından, ölkədə metal tələbatının zəifləməsindən və İranın bazara nə qədər tez qayıtmasından asılı olacaq.
Qeyd edək ki, Rusiyada polad istehsalı da azalıb. 2026-cı ilin yanvar-may aylarında polad istehsalı 8,4 faiz azalaraq 26,6 milyon tona düşüb. Hazır prokat istehsalı isə 6,7 faiz azalaraq 5 milyon ton təşkil edib.














