Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən “Medicare” klinikasında keçirilən yoxlama zamanı ciddi nöqsan aşkarlanıb.
1xeber.media xəbər verir ki,Xitab24.az-ın əldə etdiyi məlumata görə, yoxlama zamanı klinikada dövlət qeydiyyatından keçməmiş, yararlılıq müddəti bitmiş və müvafiq temperatur rejiminə riayət etmədən, qismən qablaşdırılmamış vəziyyətdə dərman vasitələrinin saxlanılması faktı aşkar edilib.
Bundan başqa, klinikada lisenziyadan kənar “ginekoloji” iş, ekstrakorporal mayalandırma proseslərinin də icra olunduğu üzə çıxıb.
Yoxlama zamanı müəssisədə fəaliyyət göstərən Sonsuzluq Mərkəzində ekstrakorporal prosedurların keçirilməsi üçün nəzərdə tutulan tibbi avadanlıqların istehsal mənşəyini və qeydiyyata alınıb-alınmamasını müəyyənləşdirmək mümkün olmayıb.
Aparılan araşdırma zamanı Sonsuzluq Mərkəzində çalışanlar arasında tibb bacısı şəhadətnaməsi olmayanlar da üzə çıxıb.
Yoxlamanın yekununda klinika barədə İnzibati Xətalar Məcəlləsinin 215.1; 221.1; 221.10-cu maddələri üzrə protokol tərtib edilib, klinika 6000 manat cərimə olunub.














