İranın Rusiyadakı səfiri Kazem Cəlali ABŞ-ın İranın raket və pilotsuz uçuş aparatlarının (PUA) mümkün zərbələri səbəbindən təyyarədaşıyan gəmilərini İran sahillərindən uzaq məsafədə saxladığını bildirib.
1xeber.media xəbər verir ki, diplomat bu barədə RİA Novosti-yə açıqlamasında danışıb.
Cəlalinin sözlərinə görə, hazırda ABŞ hərbi gəmiləri beynəlxalq sularda, İranın ərazi sularından xeyli uzaqda yerləşir. Səfir hesab edir ki, Vaşinqton İranın hərbi imkanları ilə bağlı verilən siqnalı qəbul edib.
Diplomat mart ayında İranın ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Abraham Lincoln” təyyarədaşıyan gəmisinə zərər vurduğunu da bildirib. Cəlali həmin hücumu Vaşinqtona göndərilmiş “mesaj” kimi qiymətləndirib.
Martın 13-də isə İran hərbi qüvvələri “Abraham Lincoln”un hücum nəticəsində sıradan çıxarıldığını və bölgəni tərk edərək ABŞ-a doğru qayıtdığını iddia edib. Bununla belə, gəminin vurulması və ciddi zərər görməsi barədə İranın açıqlamaları ABŞ tərəfindən təsdiqlənməyib.
Cəlali bildirib ki, ABŞ gəmilərinin hazırkı mövqeyi nəzərə alınmaqla, İranın onları vurmağa ehtiyacı yoxdur.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl İranla danışıqların qarşısındakı əsas maneələrdən birinin İslam Respublikasında müvafiq rəhbərliyin olmaması olduğunu açıqlamışdı.

















