Ukrayna qarşıdan gələn qış mövsümünü keçirmək üçün kifayət qədər qaz, kömür və yanacaq ehtiyatlarına malik deyil.
1xeber.media xəbər verir ki, bunu Ukraynanın keçmiş baş naziri Nikolay Arazov deyib. Onun sözlərini TASS yayıb.
Arazovun sözlərinə görə, rəsmi məlumatlar ölkənin qış üçün zəruri resurslarla kifayət qədər təmin olunmadığını göstərir. O bildirib ki, hazırda Kiyev hakimiyyətinin nəzarətində olan ərazilər qış mövsümünün başlanmasına tam hazır deyil.
Eks-premyer qarşıdakı qışın Ukrayna üçün ağır, hətta kritik ola biləcəyini də istisna etməyib. Onun fikrincə, bu dövr ölkənin hazırkı hakimiyyətinin idarəçilik qabiliyyəti və peşəkarlığı ilə bağlı problemləri bir daha üzə çıxara bilər.
Qeyd edək ki, daha əvvəl Ukraynaya 2014-cü ildən bəri ən çətin qışın yaşana biləcəyi barədə proqnozlar səsləndirilib. Mütəxəssislər Rusiyanın enerji obyektlərinə zərbələrinin ölkədə vəziyyəti daha da ağırlaşdıra biləcəyini bildirirlər.

















