Azərbaycan ilə Özbəkistan arasında münasibətlər son illərdə siyasi və diplomatik əməkdaşlıqla yanaşı, iqtisadi müstəvidə də sürətlə inkişaf edir. Xüsusilə ticarət, investisiya, sənaye, nəqliyyat-logistika, kənd təsərrüfatı və energetika sahələrində həyata keçirilən layihələr iki ölkənin iqtisadi potensialını bir-birinə daha sıx bağlayır.
1xeber.media xəbər verir ki, bu sözləriaçıqlamasında Bakıda fəaliyyət göstərən Azərbaycan-Özbəkistan Ticarət Evinin direktoru Ramin Şərifov deyib.
O bildirib ki, Azərbaycan-Özbəkistan iqtisadi münasibətlərinin əsas göstəricilərindən biri qarşılıqlı ticarətin həcmidir. İki ölkə arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon ABŞ dollarına çatıb. Bu ilin yanvar-iyul aylarında isə ticarət dövriyyəsi 200 milyon dollardan çox olub. Bu göstəricilər iqtisadi əlaqələrin əvvəlki illərlə müqayisədə yeni mərhələyə keçdiyini göstərir: “İki ölkə arasında iqtisadi əlaqələrin mühüm istiqamətlərindən biri investisiyalardır. 2023-cü ildə 500 milyon dollar nizamnamə kapitalı ilə Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti yaradılıb. Şirkət Azərbaycan və Özbəkistanda, eləcə də üçüncü ölkələrdə perspektivli layihələrin maliyyələşdirilməsi üçün mühüm mexanizm rolunu oynayır”.
R.Şərifov deyib ki, investisiya əməkdaşlığının miqyası Özbəkistanda fəaliyyət göstərən Azərbaycan kapitallı müəssisələrin sayında da özünü göstərir. Ötən ilə olan məlumata görə, Özbəkistanda Azərbaycan kapitalının iştirakı ilə 280 müəssisə, o cümlədən 58 birgə müəssisə və 222 fərdi müəssisə fəaliyyət göstərib. Bu şirkətlər ticarət, maşınqayırma, metal emalı, maliyyə, sığorta, energetika, xidmət, qida və yüngül sənaye kimi sahələrdə çalışıb. Cari ilin iyuluna olan məlumat isə Azərbaycan biznesinin Özbəkistandakı iştirakının daha da genişləndiyini göstərir. Ölkədə Azərbaycan kapitallı 442 müəssisənin fəaliyyət göstərdiyi bildirilir: “Əməkdaşlığın diqqətçəkən xüsusiyyətlərindən biri ticarətin yalnız hazır məhsulların alqı-satqısı ilə məhdudlaşmaması, birgə istehsal layihələrinə keçid etməsidir. 2025-ci ildə Azərbaycan və Özbəkistan arasında sənaye, tikinti, istehsal və infrastruktur sahələrində bir sıra sənədlər imzalanıb. Bu layihələr arasında quru tikinti qarışıqları və gipsokarton istehsalı, Özbəkistanın Namanqan şəhərində yaşayış evlərinin tikintisi, süd məhsullarının istehsalı, məişət kimyası və yüksəkgərginlikli kabellərin istehsalı kimi istiqamətlər yer alır. Bu tendensiya iki ölkənin iqtisadi əməkdaşlığının struktur baxımından dəyişdiyini göstərir. Əgər əvvəlki mərhələdə əsas diqqət ticarətə yönəldilirdisə, hazırda məqsəd əlavə dəyər yaradan istehsal zəncirlərinin formalaşdırılmasıdır”.
Ticarət Evinin direktoru vurğulayıb ki, Azərbaycan və Özbəkistanın coğrafi mövqeyi onların nəqliyyat-logistika əməkdaşlığını xüsusi əhəmiyyətli edir. Azərbaycan Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya ilə Avropa arasında mühüm bağlantı yaradır, Özbəkistan isə Mərkəzi Asiyanın ən böyük iqtisadiyyatlarından biri kimi regional bazarlara çıxış imkanlarına malikdir. Bu baxımdan Orta Dəhliz, Xəzər üzərindən daşımalar və yeni logistika imkanları ikitərəfli ticarətin artırılması üçün mühüm potensiala sahibdir. Özbəkistan tərəfi də logistika imkanlarının genişləndirilməsini və Azərbaycan məhsullarının Özbəkistanın Termez şəhərindəki logistika infrastrukturu vasitəsilə qonşu bazarlara çıxarılmasını perspektiv istiqamətlərdən biri kimi qiymətləndirir.azertac

















