“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda Niderlandın “Tvente” klubu ilə qarşılaşcaqları matçdan danışıb.
1xeber.media xəbər verir ki, o, əvvəlcə “Sabah”ı təbrik edib.
“Əvvəlcə “Sabah”ı təbrik etmək istəyirəm. Çox böyük uğur əldə etdilər. Çempionlar Liqası yenidən bizim gözəl Bakıda olacaq. Bizə gəldikdə, çox vacib oyuna çıxacağıq. Çox yaxşı komandaya qarşı oynayırıq. Baxımlı futbol göstərən komandaya qarşı oynayacağıq. Çox maraqlı oyun olacaq. Hər iki tərəfdən gedişlər olacaq. Azarkeşlərimizi sevindirməyə çalışacağıq. Hazırıq”.
***
- Səfərdə qalib gəlmisiniz. Bu cür oyunlarda sizin üçün əsas təhlükə nədir?
- “Təhlükə bizim hesabda öndə olmağımıdır. Rəqib daha ciddi hazırlaşacaq. Hesabda öndə olmağımız bizim üçün əlavə üstünlükdür. Niderland çempionatında belə qərar qəbul olunub federasiya tərəfindən, pley-off mərhələsində tur olmur ki, bu mərhələyə yaxşı hazırlaşsınlar, qrupa düşməsələr də, ölkə reytinqini yaxşılaşdırsınlar. Bir həftəni yaxşı hazırlaşıblar. Təhlükə gözləmirik. Bizim özümüz və oyuna necə fokuslanacağımız çox vacibdir. Mənim üçün çox maraqlı, baxımlı futbol oynayırlar. Özüm də belə futbol xoşlayıram, sistematik, hər hücum, addımlar düşünülmüş. Oyunun gedişatında daim oyunun içində olmalıyıq”.
- Bilirik ki, gənc futbolçularla işləməyi sevirsiniz. Hikmət Cəbrayılzadə və Əli Bəşirov ehtiyac yaranarsa, oyunun ağırlığına psixoloji hazırdırlar?
- Hikmətdə problem olmaz, çünki nə qədər vaxtdır bizimlədir, kollektivin içindədir, bəzi oyunlarda da iştirak edib. Amma Əli Bəşirov üçün bəlkə risk olar. Çünki bu komandada avrokuboklarda ilk dəfə olanda, həyəcanı hiss olunurdu, bu da sevinc həyəcanı idi. Hansısa risklərə getmişik, hansıas böyük səhvlər etmişik. Az da olsa, bu səviyyəyə çatmışıq. İstənilən halda onları meydana buraxmağa çəkinməyəcəyəm. Lazım olsa, buraxacağam.
***
- “Qarabağ”ın heyətində dəyişiklik gözlənilir?
- Tapşırıqlar mütləq olacaq. Bəzi səvləri aradan qaldırmalıyıq. Rəqibin çox dəyişiklik edəcəyinə çox inanmıram. Oyunlarını analiz etmişik, daha çox meydanda olan heyəti var. Bir həftə yaxşı vaxtları oldu. Bizdə ciddi dəyişiklik gözlənilmir. Oyunçu problemlərinə görə bu addımı ata bilərik. Hücum davranışında dəyişiklik ola bilər. Sabah hər birimizi maraqlı oyun gözləyir.
















