
Aİ sülh danışıqlarına güc mövqeyindən getmək istəyir
1xeber.media xəbər verir ki, Avropa İttifaqı (Aİ) Ukrayna münaqişəsi üzrə sülh danışıqlarına güc mövqeyindən başlamağa çalışacaq.
Bu barədə Avropa Parlamentində Ukrayna–Aİ Parlament Əməkdaşlığı Komitəsinin rəhbəri Pekka Tovari “İzvestiya”ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, Aİ Ukraynaya maliyyə və maddi dəstəyi davam etdirmək, həmçinin sanksiyalar vasitəsilə Rusiya iqtisadiyyatını zəiflətmək niyyətindədir.
“Bu yolla Ukraynanın gələcəkdə sülh danışıqlarına güc mövqeyindən başlaya bilməsi hədəflənir”, – deyə Tovari bildirib.
O qeyd edib ki, Ukraynaya həm müdafiə, həm də hücum silahları lazımdır. Tovari xüsusilə ballistik raketlərin buraxılış qurğularının və onların istehsal olunduğu obyektlərin məhv edilməsi üçün hücum silahlarının əhəmiyyətinin artdığını vurğulayıb.
Qeyd edək ki, daha əvvəl Avropa Komissiyası Ukraynaya silah alınması üçün 6,1 milyard avro ayrılmasını təsdiqləyib.
















