ABŞ-nin “İnter Mayami” klubunun hücumçusu Lionel Messi sosial şəbəkə hesabında rəsmi olaraq Argentina milli komandasındakı karyerasını başa vurduğunu elan edib.
1xeber.media xəbər verir ki, təcrübəli hücumçu bu addımı uzun-uzadı düşündükdən sonra atdığını bildirib.
39 yaşlı ulduz futbolçu vida mesajında bu qərarın ona ağır gəldiyini, lakin getmək vaxtının çatdığını diqqətə çatdırıb:
“Finaldan sonra keçən bu müddətdə çox düşündüm və hamınıza bildirmək istəyirəm ki, milli komandadan ayrılıram...
Bu, canımı yandıran və hələ də ağrıdan bir qərardır, amma anlayıram ki, artıq vaxtıdır. Sizə and içirəm ki, həmişə əlimdən gələni etmişəm. Təkcə son illərdə deyil, qələbələrdən əvvəl də belə olub. Həmişə mübarizə aparmışam, bu forma üçün hər şeyimi vermişəm ki, sizə sevinc bəxş edim və futbol vasitəsilə argentinalı olmaqdan qürur duyasınız.
Vaxt sürətlə keçir, mərhələlər bir-bir bağlanır və bu da məni ən çox üzən mərhələlərdən biridir. Milli komandada olmağı sevirəm, sevmişəm və həmişə sevəcəyəm. Özümü tamamilə ortaya qoydum, artıq verəcək başqa nəyim qalmayıb. Bundan əlavə, arxadan gələn çox güclü gənclər var və onlar bu fürsətə layiqdirlər.
Bu 20 il ərzində göstərdiyiniz bütün sevgi və dəstəyə görə təşəkkür edirəm. Sizi meydanın içindən eşitməyi çox darıxacağam. İndi isə mən də sizlərdən biri olacağam – kənardan həmişə dəstək verən, həm yaxşı gündə, həm də pis gündə, hətta pis gündə daha çox yanınızda olan biri.
Ailəmə təşəkkür edirəm ki, hər zaman yanımda oldular, bu gözəl, amma çətin yolçuluqda mənə dəstək verdilər. Birlikdə işlədiyim bütün məşqçilərə, komanda yoldaşlarıma və rəhbərlərə də təşəkkür edirəm. Onlarla bağlı unudulmaz xatirələr və anlar aparıram.
Komanda yoldaşlarımla birlikdə sizə xəyal etdiyimiz anları yaşatdığımız üçün qürur duyuram və qəlbim rahatdır. Bütün bunları sizinlə birlikdə yaşamaq inanılmaz idi. Sizi sevirəm!
Məni argentinalı yaratdığı üçün Allaha şükür edirəm.
İrəli, Argentina!
Bu sözləri finaldan iki gün sonra, iyulun 21-də yazmışdım. Bu gün, atamla bağlı baş verənlərdən sonra isə əvvəlkindən də çox əminəm”.
Xatırladaq ki, 2026-cı il Dünya Çempionatının finalında İspaniya millisi əlavə vaxtda vurulan qolla Argentina yığmasını 1:0 hesabı ilə məğlub edərək çempion olub. Messi turnir ərzində 8 qol vuraraq bombardirlər siyahısında yalnız Kilian Mbappedən (10 qol) geri qalıb.
Onu da bildirək ki, dünya futbolunun canlı əfsanəsi olan Messi Argentina seçməsi ilə 2022-ci ildə Dünya çempionu, 2014 və 2026-cı illərdə gümüş mükafatçı, 2008-ci ildə Olimpiya çempionu, iki dəfə isə (2021, 2024) Amerika Kubokunun qalibi olub. 8 dəfə “Qızıl top” mükafatını qazanaraq mütləq rekorda sahib olan hücumçu, həmçinin “Barselona” ilə 4 dəfə Çempionlar Liqasının kubokunu başı üzərinə qaldırıb.















