Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonqun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri çərçivəsində bir sıra görüş və tədbirlər keçirilib, ölkəmizin dövlət idarəçiliyi, tarixi və mədəni irsi ilə yaxından tanışlıq məqsədilə müxtəlif məkanlara səfərlər təşkil olunub.
1xeber.media xəbər verir ki, səfər proqramına uyğun olaraq nümayəndə heyəti ilk olaraq Heydər Əliyev Mərkəzini ziyarət edib. Qonaqlar burada ölkəmizin müasir inkişafının simvollarından biri olan Mərkəzin fəaliyyəti, dünyaşöhrətli siyasətçi, Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsini, həyat və çoxşaxəli fəaliyyətini əks etdirən eksponatlarla, habelə ölkəmizin sosial-iqtisadi və mədəni həyatında baş verən mühüm yenilikləri əks etdirən layihə və ekspozisiyalarla tanış olublar.
Daha sonra nümayəndə heyəti 7 saylı “ASAN xidmət” mərkəzini ziyarət edib. Burada qonaqlar “ASAN xidmət” mərkəzlərində yaradılmış müasir iş şəraiti, dövlət xidmətlərinin göstərilməsi üzrə tətbiq olunan innovativ və rəqəmsal həllər, eləcə də vətəndaş məmnunluğuna əsaslanan xidmət modeli ilə yaxından tanış olublar.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev nümayəndə heyətinə Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti, onların idarəetmə modeli, dövlət xidmətlərinin göstərilməsi sahəsində tətbiq olunan müasir və innovativ yanaşmalar barədə ətraflı məlumat verib.
Nümayəndə heyəti səfər müddətində Bakının tarixi məkanlarını da ziyarət edib, paytaxtın zəngin tarixi-mədəni irsi ilə yaxından tanış olub. Həmçinin nümayəndə heyəti Qobustan Milli Tarix-Bədii Qoruğunu ziyarət edib, burada qorunub saxlanılan qədim qayaüstü təsvirləri və tarixi-mədəni irs nümunələri ilə tanış olub, Qobustan ərazisində yerləşən palçıq vulkanlarına baxış keçirib.
Səfər çərçivəsində qonaqlar Azərbaycan Dövlət Akademik Musiqili Teatrında təşkil olunan konsert proqramını izləyiblər. Nümayəndə heyətinə Azərbaycanın qədim tarixi, zəngin mədəni irsi, müasir inkişafı və dövlət xidmətlərinin təşkili sahəsində həyata keçirilən innovativ layihələr barədə məlumat verilib.
Bununla da, Yinq Yonqun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri başa çatıb.




















