Azərbaycanda iri həcmli dövlət satınalmalarının aktiv qaliblərindən biri də «Hovers Group» MMC-dir (VÖEN: 1501843641).
1xeber.media Bizimesr.media-ya istinadla xəbər verir ki, şirkət 2011-ci ildə yaradılsa da, 2024-cü ildən etibarən tenderlərin qalibi olur.
Beləliklə, «Hovers Group» MMC bu il 2 dövlət qurumu ilə 50 milyon 553,8 min manatlıq satınalma müqaviləsi imzalayıb. “Tikilməkdə olan Obyektlərin Müdiriyyəti” PHŞ Zərdab rayonunun Dəkkoba kəndinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması tədbirlərini bu şirkətə tapşırıb və 9 milyon 287,3 min manatlıq satınalma müqaviləsi imzalayıb.
“Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" PHŞ də Laçın şəhərində yeni yaşayış məhəlləsinin tikintisinin təşkili ilə bağlı şirkətə 41 milyon 266,4 min manatlıq sifariş verib.
Ümumiyyətlə, «Hovers Group» MMC "Tikilməkdə olan Obyektlərin Müdiriyyəti" PHŞ-nin sevimli şirkətidir. Qurum 2025-ci ildə bu şirkətə 53 milyon 956,1 min manatlıq işlər gördürüb.
Bundan başqa, şirkət 2025-ci ildə Ədliyyə Nazirliyinin Pentensiar Xidmətindən 230,4 min manatlıq, "Su Meliorasiya Xidməti" PHŞ-dən 28 milyon 740 min manatlıq sifariş alıb.
2024-cü ildə isə Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi ilə şirkət arasında 12 milyon 430 min manatlıq, Məcburi Köçkünlərin Sosial İnkişafı Fondu ilə şirkət arasında 13 milyon 818,8 min manatlıq satınalma müqavilələri imzalanıb.
Ümumi olaraq, «Hovers Group» MMC 8 müxtəlif dövlət qurumundan 159 milyon 689,1 min manatlıq sifariş alıb.

















