1xeber.media xəbər verir ki, Qarabağda ləğv edilmiş separatçı xunta rejiminin İrəvandakı nümayəndəliyinin gələcəyi ilin sonuna qədər müəyyənləşəcək.
“Hraparak” qəzetinin yazdığına görə, separatçıların “müstəqillik günü” ilə bağlı nümayəndəlikdə keçirdiyi tədbirə əvvəlki illərlə müqayisədə daha az insan qatılıb.
Tədbirdə “Güclü Ermənistan” partiyasından Edqar Qazaryan və Areqa Ovsepyan, “Ermənistan” blokundan Artur Xaçatryan, Respublika Partiyasından Samvel Nikoyan, Qaqik Minasyan və Tiqran Abrahamyan, ANK-dan Levon Zurabyan, Demokrat Partiyasından Aram Sarkisyan və “Yaşayan Ölkə” partiyasından Syuzanna Avetisyan iştirak edib.
Məlumata görə, nümayəndəliyin yerləşdiyi binanın taleyi də hələ müəyyənləşməyib. Bu məsələnin ilin sonuna qədər həll olunacağı gözlənilir. Qəzet tədbirə iştirakçıların sayının az olmasını separatçılara qarşı artan təzyiqlə əlaqələndirib.
Bundan başqa, separatçı qurumun keçmiş “prezidenti” və “parlament sədri” vəzifələrinin doldurulması məsələsi də gündəmə gətirilməyib. Bildirilir ki, bu məsələ ilə bağlı qərarın yaxın gələcəkdə verilməsi planlaşdırılır.
“Hraparak” Paşinyan hökumətinin separatçı strukturların fəaliyyətini tədricən məhdudlaşdırdığını və bununla bağlı qarşıya qoyduğu məqsədə doğru irəlilədiyini yazıb.
Qeyd edək ki, sentyabrın 2-də Azərbaycan ərazisində fəaliyyət göstərmiş separatçı qurumun siyasi simvollarının, strukturlarının və keçmiş nümayəndələrinin İrəvanda bir araya gələrək “müstəqillik günü” keçirdiyi bildirilmişdi.

















