Aqrar Subsidiya Şurası kənd təsərrüfatında məhsuldarlığın və istehsalın artırılması, müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi, emal və ixrac yönümlü istehsalın təşviqi, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması, eləcə də ölkənin ərzaq təminatının gücləndirilməsi hədəflərinə uyğun olaraq yeni subsidiya mexanizmləri və subsidiya şərtlərində dəyişiklikləri təsdiq edib.
1xeber.media Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, həmin hədəflər ölkə prezidentinin 25 may 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda müəyyən olunub.
Yeni qərarla bitkiçiliklə yanaşı, heyvandarlıq və balıqçılıq sahələrində də bir sıra yeni subsidiyalar tətbiq olunacaq.
Şuranın qərarı ilə taxıl əkinləri üzrə subsidiya məbləğləri suvarma üsulu və istehsalın ixtisaslaşması nəzərə alınmaqla diferensiallaşdırılıb.
Belə ki, Dövlət Proqramına əsasən 22 ixtisaslaşmış rayonda müasir suvarma altında buğda əkininə ənənəvi suvarma və ya dəmyə üsulu ilə aparılan əkinlərdən 2 dəfə artıq, 400 AZN/ha subsidiya ödəniləcək. Ənənəvi suvarma və dəmyə əkini altında olan taxıl sahələri üzrə əkin subsidiyası 200 AZN/ha olaraq müəyyən edilib.

















