Çeçenistan rəhbəri Ramzan Kadırovun son vaxtlar informasiya məkanında görünməməsinin səbəbi açıqlanıb.
1xeber.media xəbər verir ki, politoloq və siyasi texnoloq Sergey Markelov “Tsarqrad”a açıqlamasında Kadırovun hazırda müəyyən müddətlik siyasi fəaliyyətdən kənarda qaldığını bildirib.
Onun sözlərinə görə, Kadırov əvvəllər tez-tez gündəmdə olur, müxtəlif mövzularda sərt açıqlamalar verirdi. Lakin hazırda onun əvvəlki funksiyasına ehtiyac qalmayıb.
Markelov qeyd edib ki, Kadırov xüsusilə ərəb dünyası, Dubay, Əbu-Dabi və müsəlman ölkələri ilə bağlı mövzularda informasiya gündəmini formalaşdırırdı. Hazırda isə əsas diqqət İranla münasibətlərə yönəldiyindən onun bu istiqamətdəki roluna ehtiyac yoxdur.
Politoloqun fikrincə, Şimali Qafqazda, o cümlədən Dağıstanda münaqişələrin qarşısının alınması məsələsində də Kadırovun əvvəlki funksiyası hazırda tələb olunmur.
Markelov bildirib ki, hazırda diqqət daha çox Cənubi Qafqaza, xüsusilə Ermənistana yönəlib. Onun sözlərinə görə, Ermənistan müsəlman ölkəsi olmadığı üçün Kadırov bu prosesdə aktiv rol oynamır.
Politoloq əlavə edib ki, gələcəkdə onun fəaliyyətinə ehtiyac yaranarsa, Kadırov yenidən informasiya gündəminə qaytarıla bilər.

















