Dünya miqyasında ərzaq təhlükəsizliyini təhdid edən ciddi qiymət artımları qeydə alınır. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatlarına görə, geosiyasi gərginliyin kəskinləşməsi və əlverişsiz hava şəraitinin tədarük zəncirində yaratdığı problemlər fonunda qlobal ərzaq əmtəələrinin qiymətləri avqust ayında 2022-ci ilin sonundan bəri ən yüksək həddə çatıb. FAO-nun Ərzaq Qiymətləri İndeksi avqustda əvvəlki ayla müqayisədə 1,9%, illik müqayisədə isə 2,5% artıb. Bu artımın əsas hərəkətverici qüvvəsi taxıl, şəkər və süd məhsullarının bahalaşması olub. Xüsusilə şəkərin qiymətində bir ay ərzində 11,9% kəskin artım qeydə alınıb, dünya bazarlarında buğdanın qiyməti isə 2,6% yüksəlib. Əsas kənd təsərrüfatı məhsullarını izləyən “Bloomberg Agriculture Spot Index” də avqust ayında 13%-dən çox artaraq 2012-ci ilin iyulundan bəri rekord aylıq yüksəliş nümayiş etdirib.
Qlobal bazarlardakı bu bahalaşmanın arxasında duran səbəblər təkcə iqtisadi deyil, həm də dərin geosiyasi və iqlim amilləri ilə bağlıdır. İyulun ortalarından etibarən Rusiya-Ukrayna müharibəsində gərginliyin artması və hücumların genişlənməsi Ukraynalı fermerlərin taxıl ixracı imkanlarını demək olar ki, mümkünsüz edir. Eyni zamanda, ABŞ və İran arasında sülh danışıqları ilə bağlı ümidlərin zəifləməsi enerji bazarlarında və nəqliyyat xərclərində qeyri-müəbunluq yaradır. Avropa qitəsində isə zəif məhsuldarlıq gözləntiləri idxaldan asılılığı artırır və qlobal ərzaq ehtiyatları uğrunda rəqabəti daha da şiddətləndirir. İqlim dəyişiklikləri fonunda daha güclü "El Niño" hadisəsinin davam etməsi kənd təsərrüfatı sahəsində risklərin yaxın vaxtlarda azalmayacağını göstərir. Bütün bunlar qlobal ərzaq bazarlarının yeni və güclü inflyasiya şoku ilə üzləşəcəyi barədə narahatlıqları pik həddə çatdırır. İdxaldan asılı olan ölkələr üçün bu tendensiya ciddi risklər vəd edir.
Məsələ ilə bağlı nocomment.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov qeyd edib ki, qlobal miqyasda ərzaq qiymətlərinin kəskin artması idxal əsaslı iqtisadiyyata malik olan Azərbaycana da qaçılmaz olaraq təsir göstərəcək və daxildə qiymət artımlarını stimullaşdıracaq:
"Dünya bazarında baş verən bu cür rekord bahalaşmalar birbaşa idxal inflyasiyası vasitəsilə daxili bazara ötürülür. Azərbaycan bir çox strateji ərzaq məhsullarını, xüsusilə də taxıl, şəkər və müəyyən növ kənd təsərrüfatı xammalını xaricdən aldığı üçün qlobal qiymət artımları dərhal bizim rəflərdə hiss olunacaq. Beynəlxalq bazarda buğda və şəkər bahalaşırsa, yerli bazarda da unun, çörəyin və digər əsas təminat mallarının qiymətində artım qaçılmaz olur".
Onun sözlərinə görə, mövcud risklər fonunda daxili istehsalın dəstəklənməsi və ərzaq təhlükəsizliyi rezervlərinin gücləndirilməsi həyati əhəmiyyət daşıyır:
"Qlobal logistik zəncirlərin qırılması və iqlim riskləri gələcəkdə ərzaq böhranını daha da dərinləşdirə bilər. Hökumət bu istiqamətdə qabaqlayıcı tədbirlər görməli, yerli fermerlərə subsidiya və dəstəyi artırmalıdır ki, daxili tələbatı ödəyə bilək. Əks təqdirdə, xaricdən gələn inflyasiya dalğası əhalinin sosial rifahına ciddi zərbə vuracaq".

















